www.science.az
24.12.2013 00:00

“Şəmkir: arxeoloji qazıntılar və artefaktlar” kitabının təqdimat mərasimi keçirildi

Bu gün AMEA-nın Əsas binasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Şəmkir: arxeoloji qazıntılar və artefaktlar” kitabının təqdimat mərasimi keçirildi.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu (AEİ), AR Mədəniyyət və Turizm Nazirliyi və Regionların İnkişafı İctimai Birliyinin birgə layihəsi üzrə nəşr olunmuş kitabın təqdimat mərasimində dövlət və hökümət nümayəndələri, alim və mütəxəssislər iştirak edirdi.

Tədbiri giriş sözü ilə kitabın ön söz müəllifi olan, AEİ-nin direktoru, tarix üzrə elmlər doktoru Maisə Rəhimova açaraq yeni nəşrdə qədim Şəmkir şəhərinin arxeoloji tədqiqinin nəticələrinin əks olunduğunu bildirdi. Qeyd etdi ki, kitabın müəllifləri tarix üzrə elmlər doktoru Tarix Dostiyev, tarix üzrə fəlsəfə doktorlarıRəşid BəşirovNamiq Hüseynli və memar Rəsulağa Mirzəyevdir. H.Əliyevin “Azərbaycanı təkcə müstəqil bir dövlət, zəngin təbii sərvətlərə malik olan ölkə kimi yox, zəngin tarixi, mədəniyyəti olan ölkə kimi tanıtmalıyıq” sözlərini xatırladan institut direktoru kitabın bu baxımdan böyük əhəmiyyətə malik olduğunu söylədi.

Bildirdi ki, bu gün AR Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində respublikamızın demək olar ki, bütün regionlarında arxeoloji tədqiqat işləri aparılır, yüzlərlə abidə üzə çıxır, artefaktlar, maddi-mədəniyyət nümunəsi aşkarlanaraq Azərbaycan tarixinə öz töhfələrini verir.

Regionların İnkişafı İctimai Birliyinin sədri Seymur Quliyev çıxış edərək kitabın Azərbaycan tarixinin öyrənilməsində, gənc nəslin vətənpərvər ruhda yetişməsində xüsusi rola malik olduğunu bildirdi.

Şəmkir arxeoloji qazıntılarının araşdırılmasının bütövlükdə Qafqaz şəhərsalma mədəniyyətinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd edən T.Dostiyev kitabda abidənin narınqala və şəhristan hissələrində 8 sahədə tədqiqat aparıldığını diqqətə çatdırdı. Bildirdi ki, kitabın I hissəsində orta əsr Şəmkir şəhəri ərazisində aparılan qazıntılar haqqında məlumat verildiyi halda, II hissə kataloq xarakteri daşıyaraq aşkar olunmuş maddi mədəniyyət nümunələrini təqdim edir.

T.Dostiyev arxeoloji tədqiqatlar zamanı əhalinin həyat tərzi, məşğuliyyəti, dini görüşləri, dövrün hərb sənəti, şəhərin iqtisadi və mədəni əlaqələrini əks etdirən minlərlə artefaktın əldə olunduğunu diqqətə çatdırdı. Bu tapıntıların Azərbaycan tarixi və mədəniyyətinin tədqiqi üçün əvəzolunmaz mənbə olduğunu söylədi.

Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, millət vəkili, professor Rəbiyət Aslanova, AMEA-nın müxbir üzvü İlyas Babayev, Şəmkir rayon H.Əliyev Mərkəzinin direktoru Məleykə Əlizadə, institutun Arxeologiya və etnoqrafiya muzeyinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və başqaları çıxış edərək kitabın ölkəmizdə orta əsr şəhər mədəniyyətinin və sənət istehsalının öyrənilməsi, həmçinin xalqımızın mədəni irsinin təbliğində qiymətli vasitə olacağını vurğuladılar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.