Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-da Elm və Texnologiya Parkı yaradılır
28.01.2016 09:52
  • A-
  • A
  • A+

AMEA-da Elm və Texnologiya Parkı yaradılır

Yanvarın 27-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbirdə müzakirə olunan məsələlərdən biri AMEA-nın İşlər İdarəsində Elm və Texnologiya Parkının yaradılması ilə bağlı olub.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini elmi-innovativ fəaliyyətin gücləndirilməsi, elm və istehsalat əlaqələrinin müasir tələblər səviyyəsinə qaldırılması təşkil edir. Qeyd edib ki, beynəlxalq təcrübəyə əsasən innovativ layihələr ilk olaraq müvafiq qaydada təsis edilmiş elmi-texniki şurada ekspertizadan keçirilməli, daha sonra ideya, konsept, prototip və hazır məhsul mərhələlərinə müvafiq olaraq biznes inkubasiya mərhələsinə təqdim olunmalı, texnologiyaların transferi funskiyası üzrə inkişaf etdirilməli və prototipin müsbət rəy almasından sonra sənayedə kütləvi istehsal üçün hazırlanmalıdır. Bu baxımdan AMEA-da innovasiya siyasətinin hazırlanması və icrası, eləcə də müvafiq tərəfdaşlarla əməkdaşlıq imkanlarının genişləndirilməsi üzrə fəaliyyət göstərən İnnovasiya şöbəsi ilə yanaşı, yuxarıda göstərilən innovativ prosesin praktik təcrübədə həyata keçirilməsini təmin edən müvafiq struktur qurumun yaradılması zəruridir.

Qeyd olunanları nəzərə alaraq, həmçinin innovativ layihələrin sənayeyə tətbiqi mexanizmlərinin qurulması, real təcrübə-konstruktor işlərinin aparılması və elmi-texniki yeniliklərin sənaye üçün kütləvi istehsala hazır vəziyyətə gətirilməsinə nəzarəti təmin etmək məqsədilə Rəyasət Heyəti İşlər idarəsində Elm və Texnologiya Parkının yaradılması və Əsasnaməsinin təsdiq edilməsi haqqında qərar qəbul edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: