Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Dünya elminə töhfələr verən alim
29.12.2015 09:11
  • A-
  • A
  • A+

Dünya elminə töhfələr verən alim

Akademik Yusif Məmmədəliyevin adını orta məktəbdə oxuyarkən kimya müəllimimdən eşitmişdim. Doğrusunu deyim ki, o vaxtdan bəri bu böyük insanı görmək arzusu ilə yaşayırdım. Mənim kimyaçı olmağımın bir səbəbi o dövrdə dövlət səviyyəsində “Kimyalaşdırma” siyasəti getdiyinə görə idisə, digər əsas səbəbi Yusif Məmmədəliyevə olan qiyabi sevgim və ehtiramım idi. Müharibədən sonra dünyaya gələn digər yaşıdlarım kimi, mən də müharibə illərində bir azərbaycanlının kəşf etdiyi maddənin qələbədə oynadığı rol haqqında əfsanələr eşitmişdim, sonra biləndə ki, bu adam Yusif Məmmədəliyevdir və o, kimyaçıdır, həmin ixtisasa marağım daha da artdı. Deyirlər, ürəkdən arzulayanda Allah adamın bütün istəklərini gerçəkləşdirir və mən BDU-nun kimya fakültəsinə daxil olandan sonra xüsusən Moskvada təhsil aldığım illərdə onun çalışdığı laboratoriyada işləyəndə bu fikrin həqiqət olduğuna inandım. Təəssüf ki, vaxtsız dünyadan köçən Yusif Məmmədəliyevi görmək mənə müyəssər olmadı, o zaman mənim 11 yaşım var idi, ancaq onun toxunduğu avadanlıqlar, işlədiyi otaq, təhsil aldığı auditoriyalar mənə hər zaman bu böyük şəxsiyyəti xatırladıb: məni daha məsuliyyətli olmağa, daha dərindən öyrənməyə, daha çox çalışmağa sövq edib. Doğrusu, tələbə olanda da, aspirantlıq illərində də hesab edirdim ki, o, mənim yanımdadır, işlərimə nəzarət edir, daha yaxşı nəticələr əldə etmək lazımdır. Rektor olandan sonra da həmin hisslər məni tərk etməyib: ən çətin məqamlarda, çıxılmaz anlarda, yaxud həlledici qərar qəbul etmək lazım gələndə akademik Yusif Məmmədəliyevi xatırlayıram: görəsən, indi rektor o olsaydı, nə edərdi?   

Bu gün Yusif Məmmədəliyevin 110 illik yubileyinin respublikamızda geniş miqyasda keçirilməsi xalqımızın öz tarixinə, Azərbaycan elminə hörmətinin göstəricisidir, çünki bu   şəxsiyyət elmimizin simvolu hesab oluna bilər. Xalqımız Yusif Məmmədəliyev kimi elm xadimləri ilə tanınır və fəxr edir. Belə insanlar Azərbaycan xalqının zəkasını, elmini, mədəniyyətini, daxili mənəviyyatını bütün dünyaya nümayiş etdirir. Yusif Məmmədəliyev  əsərləri, ixtiraları ilə Azərbaycan elminin inkişafına, o cümlədən dünya elminə, xüsusən  neft kimyası elminə böyük  töhfələr verib. Yusif Məmmədəliyevin alimliyi həm geniş nəzəri xarakter, eyni zamanda daha çox əməli, tətbiqi xarakter daşıyır. O, nəzəriyyəni təcrübə ilə birləşdirən, onu tətbiq edə bilən və əməli nəticə götürən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən alim olmuşdur. Akademikin elmi axtarışları böyük ixtiralara, yeni elmi konsepsiyaların yaranmasına gətirib çıxarmışdır. Yusif Məmmədəliyev ixtiraları, tapıntıları, fikirləri Azərbaycanın neft kimyası sənayesində böyük inqilab yaratmışdır. Onun təkcə Azərbaycanın yox, Sovetlər İttifaqı adlanan böyük ölkənin neft kimyası sənayesində misilsiz xidmətləri olmuş və bunlar da neftdən yeni, yüksək keyfiyyətli məhsulların istehsal olunub ölkənin istifadəsinə verilməsinə gətirib çıxarmışdır. Yusif Məmmədəliyevin alimliyinin, elmi xidmətinin, ölkəyə verdiyi faydanın mənası bundan ibarətdir. Görkəmli şəxsiyyət xalqımızın tarixinə böyük alim, maarifçi, təşkilatçı, ictimai-siyasi xadim kimi daxil olmuşdur.

Kimya elminin sistemli inkişafı Azərbaycanda Xalq Cümhuriyyəti dövründə Bakı Dövlət Universitetinin təsis edilməsi (1919), sonralar bu bazada kimya fakültəsinin və Neft-Kimya İnstitutunun yaradılması, Elmlər Akademiyasının formalaşması ilə bağlıdır. Akademik Yusif Məmmədəliyev kimi görkəmli kimyaçının yetişməsi isə Azərbaycan milli kimya məktəbinin yaranmasına gətirib çıxardı. Dərin və hərtərəfli elmi biliyə malik olan,  sənayeni və elmi əlaqələndirməyi bacaran bu böyük şəxsiyyətin xidmətləri sayəsində Azərbaycanda neçə-neçə elmi mərkəz və laboratoriyalar, elmi-tədqiqat institutları və təhsil müəssisələri yaradılmışdır.

Azərbaycanın böyük  kimyaçı alimi, kimya elmləri doktoru (1942), professor (1942), Azərbaycan SSR EA-nın həqiqi üzvü (1945) və prezidenti (1947-1951 və 1958-1961), SSRİ EA-nın müxbir üzvü (1958), SSRİ Dövlət mükafatı laureatı (1946), SSRİ Ali Sovetinin (5-ci çağırış, 1958-1961) və Azərbaycan SSR Ali Sovetinin (4-cü çağırış, 1955-1959) deputatı, 1954-1958-ci illərdə ADU-nun (indiki BDU-nun) rektoru, akademik  Yusif Məmmədəliyev 1905-ci ildə Naxçıvan MR-in Ordubad şəhərində anadan olmuşdur.

Yusif Məmmədəliyev 1926-cı ildə V.İ.Lenin adına Azərbaycan Ali Pedaqoji İnstitutunu bitirdikdən sonra - 1928-1929-cu illərdə  İrəvan Azərbaycan Pedaqoji Texnikumunda və fəhlə fakültəsində müəllim işləmişdir. .O, İrəvan azərbaycanlılarının ictimai həyatında da fəal iştirak etmişdir.. Y.Məmmədəliyev həmin dövrdə Ermənistanda azlıqda qalan millətlərlə iş komissiyasının üzvü olmuş, kütlənin hüquqi vəziyyəti, gənclərin, xüsusən də qızların təhsilə cəlb edilməsi ilə əlaqədar mətbuat səhifələrində çıxış etmişdir.

 

1942-ci ildə kimya elmləri doktoru  və professor, 1945-ci ildə Azərbaycan SSR EA-nın akademiki olmuşdur. Tam əsasla demək olar ki, Yusif Məmmədəliyev 1945-ci ildə  Azərbaycan SSR EA-nı yaradanlardan biridir. Respublikada elmin inkişafının bütöv bir dövrü bu dahi insanın adı ilə bağlıdır. 1945-ci ildə o, Azərbaycan EA-nın akademiki, rəyasət heyətinin üzvü və EA Neft İnstitutunun direktoru seçilmişdir. M.Mirqasımov, M.Topçubaşov, Səməd Vurğun, Şirokoqorov, Yesman və Mikayıl Hüseynovla bərabər,  akademiyanın təsisçisi və Azərbaycanın ilk akademiki olan 15 tanınmış şəxsdən biri idi. 1951-1954-cü illərdə EA-nın Fizika, Kimya və Neft bölməsinin akademik-katibi olmuşdur.

Yusif Məmmədəliyevin əsas elmi işləri neftin və neft qazlarının katalitik emalı sahəsi ilə bağlıdır. Azərbaycanda neft kimyasının əsasını qoymuş, müxtəlif karbohidrogenlərin katalizator iştirakı ilə xlorlaşdırılma və bromlaşdırılmasının yeni üsullarını təklif etmiş, neft qazlarını, xüsusilə də metanı əvvəllər stasionar katalizator üzərində, sonralar isə qaynar təbəqədə xlorlaşdırmaqla karbontetra-xlorid, metilxlorid, metilen-xlorid və s. qiymətli məhsullar alınması yollarını göstərmişdir.

Aromatik, parafin və sikloparafin karbohidrogenlərini doymamış karbohidrogenlərlə katalitik alkilləşdirmə sahəsindəki tədqiqatı aviasiya yanacaqlarının yüksək keyfiyyətli komponentlərinin sənaye miqyasında sintezinə imkan vermişdir.

Yusif Məmmədəliyev  Bakı neftlərinin benzin fraksiyasının katalitik aromatikləşdirilməsi, yuyucu maddələr və silisium-üzvi birləşmələr alınması, piroliz məhsullarından plastik kütlə istehsalı və Naftalan neftinin təsir mexanizminin öyrənilməsi sahələrində də mühüm işlər görmüş, yüksək ixtisaslı elmi kadrlar hazırlanmasında böyük xidməti olmuşdur.

Yusif Məmmədəliyev müharibənin ağır dövründə yüksək oktanlı benzin və məşhur “Molotov kokteyli”ni ixtira etmişdir. 200-dən artıq elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifidir. ABŞ, İtaliya, Fransa, İngiltərə, Polşa Xalq Respublikası,  Macarıstan Xalq Respublikası və başqa ölkələrdə keçirilən qurultay, konqres və simpoziumlarda Azərbaycan elmini yüksək səviyyədə təmsil etmişdir.

Akademik Y.Məmmədəliyev benzolu propilenlə alkilləşdirmək yolu ilə izopropilbenzolun sintezi üsulunu işləyib hazırlamış, bu da İkinci Dünya müharibəsi illərində aviasiyamızın yüksək oktanlı yanacaqla təmin edilməsinə kömək etmişdir.

Sovet İttifaqının alman faşizmi üzərində qələbəsində tank əleyhinə qarışığın kəşfinin çox böyük əhəmiyyəti oldu. Qarışığın tərkibi Y.Məmmədəliyev tərəfindən toluolun - partlayıcı maddələr üçün xammalın əldə edilməsi əsasında işlənib hazırlanmışdı. Lakin o vaxt, müharibə dövründə, müharibədən sonra da çox az adam bilirdi ki, düşmən üçün həmin məhvedici “kokteylin” müəllifi Yusuf Məmmədəliyevdir. Deyilənə görə, Azərbaycan KP MK-nın birinci katibi M.Bağırov nümunənin yüksək effektivliyinə şübhə ilə yanaşmış, mayedən bir qədər buxarıya sıçratmışdı. Hündür alov qalxmış, buxarının odadavamlı kərpici ərimiş, metal borular dağılmışdı.

1945-ci ilin yazında Azərbaycanda Elmlər Akademiyası yaradılarkən hələ 40 yaşı olmamış Y.Məmmədəliyev onun həqiqi üzvlərinin birinci tərkibinə daxil edilmişdi.  

Azərbaycan Astrofizika Rəsədxanası, Əlyazmaları Fondu, Sumqayıt Kimya Elmi Mərkəzi və digər müəssisələrin təşkili Y.Məmmədəliyevin adı ilə bağlıdır. Onun yaratdığı Azərbaycan neft-kimya məktəbi respublikadan çox-çox uzaqlarda tanınır. Yusif Məmmədəliyev “Lenin”, “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri, həmçinin bir çox medallarla təltif edilmişdir.

Nobel mükafatına namizədlik məsələsi ortaya çıxanda SSRİ alimlərinin çoxunun Bakıdan olan “Alkilləşdirmə kralı”nın namizədliyi üzərində dayanması tamamilə qanunauyğun idi. Y.Məmədəliyevə qırıcı təyyarələr üçün keyfiyyətli benzinin kəşfinə görə  Nobel mükafatı verəcəkdilər. Y.Məmmədəliyevin Nobel mükafatına namizədliyi 1957-ci il dekabrın 29-da Sov.İKP MK-nın Siyasi Bürosunun iclasında müzakirəyə çıxarıldı. Baş katib N.S.Xruşşov, büro üzvləri və üzvlüyə namizədlər fikirlərini bildirdikdən sonra sənədlərin Nobel Komitəsinə təqdim olunması haqqında razılığa gəldilər. Bu zaman qəfildən iclasa ünvanlanan bir məktub üzə çıxdı. MK katibliyinin təqdim etdiyi məktubda Sovet Ordusu Arxa Təchizat İdarəsinin rəisi marşal Baqramyan, Tank Qoşunları komandanı general Babacanyan dövlət sirri və hərbi sirr olduğu üçün bu ixtiraya dair məlumatın Stokholma göndərilməsini məsləhət görmədilər. SSRİ DTK-nın sədri A.Şepilovun məktubda yazılanlara qəti etirazına baxmayaraq, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Anastas Mikoyan çıxış edərək məktub müəlliflərinə haqq qazandırdı və onları dəstəklədi. Beləliklə, üç yüksək vəzifəli erməninin fitvası ilə Yusif Məmmədəliyevin Nobel mükafatına namizədliyinin irəli sürülməsi baş tutmadı.

Faşist Almaniyası üzərində SSRİ-nin qələbəsini təmin edən alimlər haqqında müharibədən sonrakı illərdə belə danışırdılar: müharibəni Mikulinin motorları, Yakovlevin təyyarələri, Məmmədəliyevin benzini hesabına udmaq mümkün oldu. Akademikin dünya elminə daha bir misilsiz töhfəsi strateji raketlər üçün 1950-ci ildə yaratdığı duru yanacaq idi. Yerin ilk peyki, Qaqarinin uçuşu - bütün bunlar Bakı nefti, Azərbaycanın neft kimyası məktəbinin yaradıcıları olan Y.Məmmədəliyevin elmdə qəhrəmanlığı və onun həmfikirlərinin fədakar əməyi sayəsində baş tutmuşdur.

İkinci Dünya müharibəsi zamanı Azərbaycan neftinin nə qədər əhəmiyyətli və hansı xidmətləri olduğunu bütün dünya bilir. Azərbaycan nefti olmasaydı, qələbə çalmağın necə, hansı səviyyədə olacağını demək çətin idi. O vaxt sovetlər ölkəsində hasil edilən neftin 70-80 faizi Bakıda çıxarılırdı. Ancaq iş təkcə bu neftin çıxarılmasında deyildi. Əsas məsələ ondan neft məhsulları alınması və o məhsulların keyfiyyəti idi. Məhz bu sahədə akademik Yusif Məmmədəliyevin xidmətləri  tarixi əhəmiyyət kəsb edir.

Yusif Məmmədəliyev həm də böyük maarifçi idi. Əmək fəaliyyətinə müəllimliklə başlamışdı. Ordubadda, Gəncədə, Bakıda, İrəvanda və başqa yerlərdə müəllim işləmişdi. Azərbaycan Dövlət Universitetində (indi BDU), Dövlət Neft və Kimya İnstitutunda (indi ADSNU), başqa institutlarda da, Moskvanın ali məktəblərində  oxuduğu mühazirələr, tələbələrə verdiyi biliklər, göstərdiyi qayğı haqqında indi də danışılır, hafizəmizdə, xatirəmizdə böyük müəllim kimi yaşayır.

İkinci dəfə akademiyanın prezidenti vəzifəsinə dəvət edilməsi o deməkdir ki, Yusif Məmmədəliyev 1950-ci ildə subyektiv səbəblərə görə vəzifədən azad olunmuşdur. Başqa sözlə, Azərbaycan Elmlər Akademiyası Yusif Məmmədəliyevə yenidən ehtiyac duymuşdur. O, 1958-ci ildə Elmlər Akademiyasına prezident seçilmiş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır.

Yusif Məmmədəliyev Azərbaycan mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının inkişafında da əvəzsiz xidmətlər göstərmişdir. O, Üzeyir bəy Hacıbəyli, Səməd Vurğunla çiyin-çiyinə elmin mədəniyyətlə, ədəbiyyatla, tarixlə əlaqədar sahələrinə xüsusi diqqət yetirmişdir.

Ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi və təşkilatçılığı ilə Azərbaycan sənayesində aparıcı və çox böyük sahələrdən biri olan neft kimyası sənayesi sürətlə inkişaf etməyə başladı. O vaxtlar Bakıda, Sumqayıtda və digər bölgələrdə də nəhəng neft kimyası kompleksləri tikildi. Ümummilli lider Heydər Əliyev öz çıxışlarında qeyd etmişdir ki, onların əksəriyyəti Yusif Məmmədəliyevin əsərləri, onun qoyduğu elmi irs və tələbələrinin xidmətləri sayəsində yaradılmışdır. Ulu öndər bu barədə belə demişdir: “Xatirimdədir, 70-ci illərin əvvəllərində mən Azərbaycanda neft emalının tamamilə yenidən qurulmasına dair məsələləri Moskvada qaldırarkən, Azərbaycanda yeni neft kimyası sənayesinin yaranması haqqında təkliflər irəli sürərkən və çox böyük müqaviməti dəf edərək həmin təklifləri həyata keçirməyə nail olarkən respublikada yaranmış elmi-texniki potensiala əsaslanırdım, Azərbaycanda Yusif Məmmədəliyevin və onun tələbələrinin, silahdaşlarının qoyduğu elmi irsə əsaslanırdım və onların nəticəsində Azərbaycan kimyasının, neft kimyasının inkişaf etdirilməsi üçün yeni-yeni böyük sənaye müəssisələrinin yaradılmasına nail olmağa çalışırdım. Biz buna nail olduq.”

Tarixdə yanlışlıqlar da olur və bu səbəbdən bəzi alimlərin yaratdıqlarının bir qismi ya başqasının adına yazılır, ya da tam unudulur. Yusif Məmmədəliyevin İkinci Dünya müharibəsi zamanı yaratdığı və tarixdə “Molotov kokteyli” adı ilə tanınan partlayıcı qarışığın da taleyi belə olub. Məşhur siyasətçi Çörçill bu partlayıcı maddə haqqında ilk dəfə SSRİ xarici işlər komissarı V.M.Molotovdan eşitdiyindən ona bu adı vermişdi. Əslində, onun yaradıcısı Yusif Məmmədəliyev idi.

Yusif Məmmədəliyevə qədər Naftalan neftinin müalicəvi təsiri haqqında görkəmli rus alimlərinin nəzəriyyələrinin heç biri doğru deyildi, amma heç kəs də onları elmi sübutlarla da inkar edə bilmirdi. Akademik sistemli və ardıcıl tədqiqatları ilə bu neftin kimyasının öyrənilməsi sahəsində o zaman üçün əlverişli üsullardan istifadə edərək belə bir nəticəyə gəldi ki, Naftalan neftinin müalicəvi effekti onda olan çoxhəlqəli naften karbohidrogenləri ilə bağlıdır. Bununla da o özündən əvvəlki tədqiqatçıların bu neftin müalicəvi effektini onda olan su, qətranlar, stereoidlər, aromatik karbohidrogenlərlə əlaqələndirilən yanlış nəzəriyyələrini rədd etdi.

1958-ci il Yusif Məmmədəliyevin həyatında bir sıra hadisələrlə əlamətdardır. Həmin ilin aprelində yuxarıda qeyd etdiyimiz kimi, yenidən Azərbaycan Elmlər Akademiyasının prezidenti seçildi. İyunun 20-də SSRİ Elmlər Akademiyası Yusif Məmmədəliyevi “texniki kimya” ixtisası üzrə akademiyanın müxbir üzvü seçdiyini təsdiq etdi. Cəmi üç gün sonra Sov. İKP və SSRİ Nazirlər Soveti Azərbaycan Elmlər Akademiyası nəzdində Neft-Kimya Prosesləri İnstitutunu yaratmaq haqqında qərar qəbul etdi, bu Institutu neft kimyasının bir sıra məsələləri üzrə İttifaq miqyaslı baş elmi müəssisə kimi müəyyən etdi. İndi həmin elmi-tədqiqat ocağı dahi alimin adını şərəflə daşıyır.

Yusif Məmmədəliyev həm də çox gözəl ailə başçısı idi. Həyat yoldaşını, qızlarını çox sevirdi. Xanımı Konservatoriyada oxuyurdu, yaxşı royal çalırdı. Yusif onu ilk dəfə dayısı, mikrobioloq, professor İsmayıl Axundovun evində görmüşdü. O vaxtlar Yusif Məmmədəliyev İsmayıl Axundovla birgə malyariyalı xəstələri sağaltmaq üçün dərman preparatı hazırlamaqla məşğul idi. Hətta onların evliliyinə çətinlik də yaranmışdı. O vaxt Azərbaycan Kommunist Partiyasına rəhbərlik edən M.Bağırov qohumları repressiya olunan qızlarla evlənməyə qadağa qoymuşdu. Yusif Məmmədəliyevin sevdiyi qızın isə üç dayısı repressiya olunmuşdu. Lakin bu qadağa Yusifi onunla evlənməkdən çəkindirə bilmədi. Bu, 1941-ci ilin aprelinə təsadüf edirdi. Yusif Məmmədəliyev o dövrdə strateji silahlar yaradılması üzərində tədqiqatlar aparırdı və ona nəzarət olduqca güclü idi.

Yusif Məmmədəliyev üçün övlad sevgisi də müqəddəs idi. Qızı Sevdaya məktubu bu fikri tam təsdiq edir: “Mənim gözəl qızım Sevda, bu gün sənin məktubunu aldım. Məni sevindirdiyin üçün təşəkkür edirəm. Tam bir həftə çayı qəndsiz içsəm, sənin məktubunun şirinliyi kifayət edər. Görürsən, iqtisadiyyat necə yaranır? Əgər məktubunu bundan uzun yazsaydın, mürəbbəyə bərabər olardı. İndi elə mürəbbə bişirmək vaxtıdır.” O, qızında xoş ovqat yaratmaq üçün məktubu kimya dilində şeirlə tamamlayır.

Yusif Məmmədəliyevin maraqlı hobbiləri vardı. Onlardan biri də şəkil çəkmək idi.  Səyahətə gedərkən, şəhərdə gəzintiyə çıxarkən özü ilə fotoaparat götürər, şəkil çəkməyə xüsusi hazırlıq görərdi. Qızı Sevda xanım deyir ki, evdə Yusif müəllimin çoxlu fotoaparatları saxlanılır. Onun çəkdiyi şəkillərin lentlərini sayıb qurtarmaq olmaz. Həmin şəkillərin bəzilərini qaydaya salmaq mümkün oldu və onlar Yusif Məmmədəliyevin 100 illiyi qeyd olunarkən UNESCO-nun mənzil-qərargahında sərgidə nümayiş etdirildi və mütəxəssislərin, tamaşaçıların böyük marağına səbəb oldu.

Yusif Məmmədəliyev çox böyük vətənpərvər idi. Hər yerdə Vətəninin və xalqının şərəfini uca tuturdı.

Azərbaycan Elmlər Akademiyasının prezidenti olarkən ağır xəstələnir, üzərində ciddi cərrahi əməliyyat aparılması lazım gəlir. Lakin dostları, yaxın qohumları onu bu əməliyyat üçün Moskvaya getməyə razı sala bilmirlər. O, öz ölkəsinin həkimlərinin şərəfinə toxunmasın deyə, başqa şəhərdə əməliyyat olunmağa razılıq vermir. Bəlkə də onun bu qərarı dünyadan vaxtsız köçməsinə səbəb olur. Hər halda, o, öz əqidəsinə sadiqliyini nümayiş etdirmiş, 1961-ci il dekabrın 15-də Bakıda vəfat etmişdir.

200-dən çox elmi əsərin müəllifi olan, 45-dən çox elmlər doktoru və elmlər namizədi yetişdirmiş Yusif Məmmədəliyev birmənalı olaraq Azərbaycanda kimyaçılar elmi məktəbinin yaradıcısıdır.

Görkəmli alim heç vaxt unudulmayacaq, Azərbaycan xalqının tarixindəki yeri daim görünəcək.

Abel Məhərrəmov, BDU-nun rektoru, akademik

"Azərbaycan" qəzeti, 29 dekabr 2015-ci il

  • Paylaş: