Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.12.2015 16:36
  • A-
  • A
  • A+

Azərbaycan-Çin elmi əlaqələrində mühüm addım

Azərbaycan-Çin elmi əlaqələrində mühüm addım

Prezident İlham Əliyevin Çin Xalq Respublikasına uğurlu rəsmi səfəri zamanı imzalanmış müqavilələrin və qəbul edilmiş qərarların həyata keçirilməsi istiqamətində mühüm addım atılıb.

Bildirilib ki, akademiyanın vitse-prezidenti, akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikası İctimai Elmlər Akademiyasının dəvəti ilə Pekində səfərdə olub, mühüm razılaşma əldə edilib.

Səfərdən məqsəd Azərbaycan-Çin əlaqələrinin daha da inkişaf etdirilməsi, konkret istiqamətlər üzrə sistemli müştərək layihələrin həyata keçirilməsini təmin etməkdən ibarətdir.

Çin Xalq Respublikasının İctimai Elmlər Akademiyası 1977-ci ildən müstəqil ali elmi təşkilat kimi fəaliyyət göstərən ölkənin ən böyük elmi-tədqiqat qurumlarından biridir. Dünyanın ən tanınmış dövlət xadimləri və məşhur Nobel mükafatı laureatları bu akademiyada olub, görüşlər keçiriblər. Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyev 1994-cü il martın 9-da Çin Xalq Respublikası İctimai Elmlər Akademiyasının alimləri qarşısında dərin məzmunlu nitq söyləyib və bu elmi-tədqiqat qurumunun fəaliyyətini dünyada qəbul edilən tanınmış əsas elmi mərkəzlərdən biri kimi yüksək qiymətləndirib.

AMEA-nın nümayəndə heyəti Çin Xalq Respublikası İctimai Elmlər Akademiyasının rəhbərliyi və elmi-tədqiqat institutlarının rəsmiləri ilə görüşlər keçirib. Görüşlərdə ölkələrarası elmi əlaqələrin prioritetləri və qarşılıqlı maraq doğuran məsələlər geniş müzakirə olunub. “Böyük İpək yolu: tarix və müasirlik. Çoxaspektli yanaşmalar” probleminin bütün istiqamətləri üzrə yekdil qərar qəbul edilib. Tərəflər Böyük İpək yolu ilə əlaqədar məsələlərin iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi-diplomatik münasibətlərin, mədəniyyətlərarası dialoqun inkişafındakı rolunun da elmi cəhətdən tədqiq edilib geniş ictimaiyyətə çatdırılması, dünya dillərinə tərcümə edilərək yayılması, bu mövzuda müştərək beynəlxalq konfransların təşkili, proqnozların hazırlanması üçün mütəxəssislərin səylərinin əlaqələndirilməsini zəruri hesab ediblər.

Bundan başqa, ölkələrin tarixinin və müasir inkişaf səviyyəsinin elmi əsaslarla tanıdılması istiqamətində, iqtisadi, ədəbi-mədəni əlaqələrin öyrənilməsi, elmi nəşrlərin mübadiləsi sahələrində də qarşılıqlı əməkdaşlıq məsələləri diqqət mərkəzinə çəkilib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri AMEA-nın vitse-prezidenti İbrahim Quliyev, İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, beynəlxalq əlaqələr İdarəsi rəisinin müavini Zərifə Əliyeva Çin Elmlər Akademiyasının strukturu, fəaliyyəti, təcrübəsi ilə, burada aparılan islahatlarla tanış olublar.

Çin Xalq Respublikası İctimai Elmlər Akademiyasının rəyasət heyətində keçirilən görüşdə akademik İ.Həbibbəyli çıxış edərək, təşkil olunan səfərin əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışıb.

Çin Xalq Respublikası İctimai Elmlər Akademiyasının vitse-prezidenti, akademik Kai Fanqa aparılan işgüzar danışıqların, əldə olunan ilkin razılaşmalar və ortaq elmi məsələlərin müəyyən olunmasını gələcək əlaqələrin mühüm təməli kimi qiymətləndirib.

Azərbaycan nümayəndə heyəti Böyük Çin Səddini də ziyarət edib.

AMEA ilə Çin Xalq Respublikasının İctimai Elmlər Akademiyası arasında qarşılıqlı əlaqələrə dair əməkdaşlıq müqaviləsinin 2016-cı ilin birinci yarısında imzalanması qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: