www.science.az
16.12.2015 16:29

İnformasiya Texnologiyaları İnstitutunda fəlsəfə fənni üzrə minimum imtahanları keçirilir

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində (TİM) fəlsəfə fənni üzrə minimum imtahanları akademiya üzrə mərkəzləşdirilmiş qaydada test texnologiyaları əsasında keçirilir. İki gün davam edəcək imtahanlarda 129 nəfər iştirak edir.

İmtahanların qəbul edilməsi məqsədilə yaradılmış komissiyanın sədri AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev, üzvləri – fəlsəfə üzrə elmlər doktorları Əbülhəsən Abbasov, Fərman İsmayılov, Zaur Bağırov, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəhbəri, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov və AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov imtahanın gedişatı ilə tanış oldular.

İmtahanların yüksək səviyyədə təşkil edildiyini bildirən komissiya üzvləri TİM-də quraşdırılmış video-müşahidə sisteminin imtahan prosesində şəffaflığın təmin edilməsinə şərait yaratdığını söylədilər.

Qeyd edək ki, imtahanda iştirak edənlərin biliklərinin obyektiv qiymətləndirilməsi məqsədilə fəlsəfə fənnindən minimum və qəbul imtahanları 9 iyun 2015-ci il tarixli Sərəncama əsasən test texnologiyaları əsasında keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir