www.science.az
16.12.2015 09:10

Akademik Rasim Əliquliyev: “İnformasiya təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir”

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Azərbaycan Dövlət Televiziyasının “Səhər” informasiya proqramının qonağı olub. Verilişdə müasir dövrdə informasiya cəmiyyətinin aktual elmi problemlərindən olan informasiya təhlükəsizliyi məsələləri müzakirə olunub.

R.Əliquliyev bildirib ki, informasiya-kommunikasiya texnologiyaları (İKT) sosial-iqtisadi, siyasi və mədəni münasibətlərin qurulması üçün geniş imkanlar açır. Lakin İKT-nin müsbət cəhətləri ilə yanaşı, mənfi tərəflərinə də diqqət yetirmək vacibdir. Belə ki, virtual məkanda yaranan informasiya təhlükələri bir sıra problemlərin meydana gəlməsinə səbəb olur. İnformasiya təhlükələri sırf texnoloji xarakter daşımır, yaşadığımız mühitin bütün aspektlərini əhatə edir. Hazırda hər hansı bir ölkədə fəaliyyət göstərən şəxs İKT-dən istifadə edərək başqa bir ölkənin qanunvericilik bazasına, ideologiyasına, milli-mənəvi dəyərlərinə, dilinin saflığına, tarixdən miras qalmış və onun identikliyini müəyyən edən parametrlərə və s. ziyan vura bilər. Bu baxımdan hər hansı bir ölkənin müdafiə sisteminin gücləndirilməsi və təhlükəsizliyinin təmin olunmasının digər komponentləri sırasında informasiya təhlükəsizliyi mühüm yer tutur.

“Qlobal dünyanın əsas hərəkətverici qüvvələri İnternet və digər İKT vasitələridir. İnternet medianın meydana çıxmasının V informasiya inqilabı adlandırılması təsadüfi deyil. Bu, bütün ölkələr arasındakı sərhədlərin aradan qaldırılması, insanların İKT vasitələrindən istifadə edərək kommunikasiya yaratması, ayrı-ayrı dövlətlərdə baş verən bu və ya digər proseslərdə virtual olaraq iştirak etməsi deməkdir. İKT-nin inkişafı və getdikcə müxtəlif sferalara nüfuz etməsi informasiya təhlükəsizliyi problemini aktuallaşdıran amillərdəndir”.

Alimin sözlərinə görə, informasiya təhlükələri dövlət və ya kommersiya sirrinin açılması, informasiyanın arzu olunmayan auditoriyaya yayılması və s. ola bilər. Müasir dövrdə informasiya təhlükəsizliyi məsələsi, hətta nüvə silahları, kimyəvi silahlar, pandemik və epidemik xəstəliklər kimi qlobal təhlükələr sırasına da daxil edilir. Bu səbəbdən məsələyə qlobal problem kimi yanaşmaq və informasiya təhlükələri ilə mübarizəyə hazır olmaq zəruridir.

Akademik BMT və digər beynəlxalq qurumlarda informasiya təhlükəsizliyi ilə bağlı geniş müzakirələr aparıldığını, informasiya təhlükəsizliyinin təmin olunması üçün müəyyən mexanizmlərin yaradılmasına dair bir sıra təkliflərin irəli sürüldüyünü bildirib. Qeyd edib ki, Azərbaycan da İKT sahəsində bir çox nailiyyətlər əldə etmiş ölkə kimi bu sahələrə elmi, siyasi və texnoloji aspektlərdən yanaşır, bu proseslərdə fəal iştirak edərək beynəlxalq səviyyəli konvensiyalara qoşulur. Ölkəmizdə informasiya təhlükəsizliyinin təmini məsələlərinə siyasi qurumlarla yanaşı, elmi müəssisələr tərəfindən də xüsusi diqqət göstərilir.

“İnsanlar İKT vasitəsilə kommunikasiya yaradır və istənilən informasiyaya çıxış əldə edir. Virtual məkanda hüquqi məsuliyyət olmadığından İnternetin yaratdığı imkanlardan sui-istifadə hallarına da rast gəlinir. Belə ki, bəzi bədniyyətli qüvvələr insanların şərəf və ləyaqətinə toxunur, onların hüquqlarını pozurlar. Bu baxımdan informasiya təhlükələri ilə mübarizə aparılması üçün müdafiə mexanizmlərinin yaradılması, həmçinin informasiya təhlükəsizliyi problemlərinin araşdırılması və bu sahədə formalaşmış normativ-hüquqi bazanın təkmilləşdirilməsi zəruridir”, – deyə akademik bildirib.

“AR Prezidenti cənab İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş Ümumi yığıncaqda çıxışı zamanı bir sıra məqamlara toxunub. Dövlət başçısı elmi prioritetlərin yenidən müəyyənləşdirildiyini və alimlərin qarşısına xüsusi vəzifələr qoyulduğunu qeyd edib. Prezident çıxışında informasiya təhlükəsizliyi və Azərbaycan dilinin saflığının qorunması məsələlərini də önə çəkib. İnformasiya təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsinin dövlət siyasətinin əsas prioritetlərindən olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanda bu sahədə qanunvericilik bazasının inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm addımlar atılır. Dövlət başçısı, həmçinin qlobal dünyada təhlükə altında olan müxtəlif dillərin qorunmasının dilçilər, informasiya texnologiyaları mütəxəssisləri və digər peşə sahibləri ilə yanaşı, vətəndaşların, xüsusilə də gənclərin qarşısında dayanan mühüm vəzifələrdən olduğunu söyləyib”.

R.Əliquliyev informasiya təhlükəsizliyinin təmin olunması üçün dövlətin həyata keçirdiyi tədbirlərlə yanaşı, elmi ictimaiyyətin və vətəndaşların da fəal iştirak və müdaxiləsinin tələb olunduğunu söyləyib. Vətəndaşlarda informasiya mədəniyyətinin formalaşdırılmasının informasiya təhlükələrinə qarşı səmərəli strategiyalardan biri olduğunu qeyd edib: “Bunun üçün informasiya təhlükəsizliyi sahəsində peşəkar kadr hazırlığına xüsusi diqqət göstərilməli, Azərbaycan dilində kitab və dərsliklər hazırlanmalı, müntəzəm olaraq dəyirmi masa, konfrans və seminarlar təşkil olunmalı, kütləvi təbliğat aparılmalıdır”.

Akademikin sözlərinə görə, hazırda infromasiya-kommunikasiya texnologiyaları istifadəçilərinin əksəriyyəti uşaqlar və gənclərdir. İnternetdə mövcud olan informasiya bolluğu, istənilən informasiyanın asanlıqla əldə olunması onların təhlükəsizliyinə yönəlmiş müəyyən təhdidlər yaradır. Uşaqlar və gənclər zərərli və zərərsiz informasiyanı analiz edərkən çətinliklərlə qarşılaşırlar. Onların İnternetə çox vaxt sərf etməsi İnternet asılılığı və digər psixoloji problemlərin yaranmasına səbəb olur. Müəyyən bədniyyətli proqramlar ölkələrin milli ideologiyasına zərər vurmağa, insanların şüuruna təsir göstərməyə, yad mədəniyyətlərin təbliğatına, gənc nəslin milli adət-ənənələrdən uzaqlaşdırılmasına xidmət edir. Bu səbəbdən informasiya təhlükələrinin yaranması, sifarişçiləri, yönəldiyi siyasi, iqtisadi maraqlar və digər aspektlər alim və tədqiqatçılar tərəfindən araşdırılır.

Alim qeyd edib ki, uşaqlar və gənclərin təhlükəsizliyinin təmin olunması üçün təhsil müəssisələrində filtrasiya sistemi tətbiq edilməli, cəmiyyətdə informasiya təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir və treninqlər keçirilməli, KİV-də məlumat verilməlidir. Valideynlərin bu sahədə zəruri biliklərə yiyələnməsi uşaq və gənclərin İnternetin zərərli təsirlərindən qorunmasında mühüm rol oynaya bilər.

R.Əliquliyev akademiyada və AMEA İnformasiya Texnologiyaları İnstitutunda informasiya təhlükəsizliyi problemlərinə xüsusi diqqət ayrıldığını qeyd edib. Hər il 30 Noyabr – Beynəlxalq İnformasiya Təhlükəsizliyi günündə institutda informasiya təhlükəsizliyinin müxtəlif problemlərinə həsr olunmuş seminarların keçirildiyini və geniş müzakirələr aparıldığını, məsələ ilə bağlı bir sıra təkliflərin müvafiq qurumlara göndərildiyini bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir