www.science.az
19.12.2013 00:00

AMEA Genetik Ehtiyatlar İnstitutunun illik hesabatı dinlənildi

16 dekabr 2013-cü il tarixdə AMEA Aqrar Elmlər Bölməsi ilə Genetik Ehtiyatlar İnstitutunun (GEİ) Elmi Şurasının birgə iclasında institutun 2013-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat dinlənildi.

Tədbirdə bölmə üzvləri, AMEA GEİ-nin rəhbərliyi, elmi şuranın üzvləri, aparıcı elmi işçilər iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan AMEA Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanov gündəlikdə duran məsələ haqqında məlumat verdi.

Hesabat bağlı çıxış edən GEİ-nin direktoru aqrar elmlər üzrə elmlər doktoru Zeynal Əkpərov genetik ehtiyatların müasir dövrün ən prioritet elm sahələrindən biri olmaqla, ərzaq təhlükəsizliyinin və ekoloji dayanıqlığın əsası olduğunu bildirdi. Qeyd etdi ki, bu ehtiyatları məhv olmaqdan və azalmaqdan xilas etmək, hərtərəfli öyrənilməsinə və səmərəli istifadəsinə nail olmaq bəşəriyyətin gələcəyini qorumaq deməkdir. İnstitutun elmi istiqaməti də əsasən bu problemləri əhatə edir. Cari ildə tədqiqat işləri institutun laboratoriyalarında, həmçinin Abşeron təcrübə təsərrüfat şöbəsində, eləcə də müxtəlif ekoloji bölgələrində yerləşən Şəki və Qarabağ elmi-tədqiqat bazalarında, Ağdaş, Tovuz, Saray və Zuvand dayaq məntəqələrində 15 mövzu, 23 iş və 93 mərhələ üzrə yerinə yetirilmişdir. Nazirlər Kabinetinin qərar və sərancamlarına müvafiq olaraq, mədəni bitkilərin genetik ehtiyatları üzrə idarəetmə sistemi müəyyən edilmiş, respublikanın bütün bölgələrinin əlaqələndirilməsi, burada olan BGE-nin təbii ehtiyatlarının, kolleksiyalarının və s. nəzarətdə saxlanılması, onları əhatə edən elmi-tədqiqat və təhsil müəssisələrinin, alim və mütəxəssislərin yüksək səviyyədə koordinasiyasının təşkili və təmin olunması məqsədilə “Elmi-Texniki Şura” (ETŞ) yaradılmışdır.

Z.Əkpərov müxtəlif istiqamətlər üzrə ETŞ-nin tərkibində 5 ekspert şurası yaradıldığını diqqətə çatdırdı. Son illər ərzində institutda aparılan elmi tədqiqatların nəticələri, institutun modernləşdirilməsi istiqamətində görülmüş işlər, dərc edilmiş elmi əsərlər, beynəlxalq əlaqələr, kadr hazırlığı, qrant layihələri, problemlər və perspektivlər və s. haqqında da geniş məlumat verdi.

Müzakirələrdə M.Salmanov, AMEA-nın müxbir üzvləri Novruz Quliyev, Mahmud Abdullayev, biologiya üzrə fəlsəfə doktoru Tubuxanım Qasımzadə, AMEA GEİ-nin elmi şurasının üzvləri iştirak etdilər.

Sonda institutun illik hesabatının qəbul edilməsi haqqında qərar qəbul edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.