Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.12.2015 15:19
  • A-
  • A
  • A+

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri Minskdə gənc alimlərin beynəlxalq forumunda iştirak edib

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri Minskdə gənc alimlərin beynəlxalq forumunda iştirak edib

Minsk şəhərində Belarus Milli Elmlər Akademiyası Gənc Alimlər Şurasının təşkilatçılığı ilə "Gənclik elmdə - 2015" mövzusunda beynəlxalq Forum keçirilib.

12 ölkədən 300-ə yaxın gənc alim və mütəxəssisin qatıldığı beynəlxalq tədbirdə ölkəmizi AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov təmsil edib.

İlk olaraq Belarus Elmlər Akademiyası Rəyasət Heyətinin foyesində gənc alimlərin əldə etdiyi elmi nailiyyətləri əks etdirən sərgi nümayiş etdirilib.

Tədbirin rəsmi açılış mərasimində çıxış edən Belarus Milli Elmlər Akademiyasının prezidenti, akademik  Vladimir Qusakov rəhbərlik etdiyi qurumda son illərdə həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər barədə məlumat verib. V.Qusakov beynəlxalq forumun keçirilməsi münasibətilə gənc alimləri təbrik edib, tədbirin işinə uğurlar arzulayıb.

Belarus Elmlər Akademiyası Gənc Alimlər Şurasının sədri Andrey İvanoviç beynəlxalq tədbirin gənc alimlər üçün əhəmiyyətindən danışıb. Bildirib ki, forumun məqsədi müxtəlif ölkələrin gənc alimləri arasında əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, təcrübə və yeni ideyaların mübadiləsi üçün əlverişli şəraitin yaradılması, yeni əlaqələrin qurulmasıdır.

Forumun ikinci günü seksiyalar üzrə davam edib. Belarus Milli Elmlər Akademiyası Gənc Alimlər Şurasının 50 illiyinə həsr olunan "Gənclik elmdə" seksiyasında Müstəqil Dövlətlər Birliyinə üzv respublikaların Gənc Alim və Mütəxəssislər Şuralarının nümayədələri  - Rusiya Elmlər Akademiyası Gənc Alimlər Şurasının sədri Andrey Kotelnikov, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov və Ukrayna Elmlər Akademiyası Gənc Alimlər Şurasının sədri Anna Profomenko iştirak ediblər. Sədrlər rəhbərlik etdikləri Şuraların fəaliyyəti, həyata keçirilən layihələr barədə ətraflı məlumat veriblər.

Forum çərçivəsində, həmçinin Azərbaycan və Belarus Gənc Alim və Mütəxəssislər Şuralarının sədrləri arasında görüş keçirilib, əməkdaşlıq perspektivləri müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: