Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Vətəndaş. Alim. Ziyalı” kitabı nəşr olunub
16.11.2015 12:14
  • A-
  • A
  • A+

“Vətəndaş. Alim. Ziyalı” kitabı nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70, görkəmli ədəbiyyatşünas alim, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Bəkir Nəbiyevin 85 illik yubileylərinə həsr olunan “Vətəndaş. Alim. Ziyalı” biblioqrafik soraq kitabı çapdan çıxıb.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutuMərkəzi Elmi Kitabxana tərəfindən nəşr etdirilən kitabın elmi redaktoru akademik İsa Həbibbəyli, redaktoru əməkdar mədəniyyət işçisi Xuraman İsmayılovadır. İlk dəfə 1999-cu ildə, akademik B.Nəbiyevin 70 illiyi ərəfəsində oxuculara təqdim edilən bu kitab sonrakı illərdə müəyyən əlavə və düzəlişlərlə daha iki dəfə nəşr olunub. Sonuncu nəşrdən keçən altı ildə alimin bir neçə yeni monoqrafiyası, məqalələri, elmi redaktəsini həyata keçirdiyi onlarla kitab işıq üzü görüb, rəhbərliyi ilə dissertasiyalar müdafiə edilib. Araşdırmalar zamanı akademik haqqında soraq kitabının təkmilləşdirilməsinə və yenidən nəşrinə ehtiyac yaradan əlavə məqamlar da ortaya çıxıb. Müəyyən ixtisarlar və dəyişikliklər ilə oxuculara təqdim olunan bu nəşr, soraq kitabının akademikin vəfatından sonra həyata keçirilən ilk nəşrdir və alimin 85 illik yubileyi ərəfəsində AMEA Rəyasət heyətinin qərarı ilə çap edilib.

Kitabın ilk səhifələrində “B.Ə.Nəbiyevin xatirəsinin əbədiləşdirilməsi haqqında” Prezident İlham Əliyevin 2013-cü il 4 aprel tarixli Sərəncamı, eyni zamanda, akademikin vəfatı ilə bağlı dövlətimizin başçısı, görkəmli elm və mədəniyyət xadimləri tərəfindən imzalanan nekroloq verilib. Nəşrdə akademikin özü tərəfindən yazılan tərcümeyi-halı, həyatı, yaradıcılığının əsas tarixləri, müəllifi olduğu kitablarının siyahısı, rəy verdiyi və elmi məsləhətçisi olduğu əsərlərin, məqalə və resenziyaların, namizədlik və fəlsəfə doktorluğu dissertasiyalarının siyahısı və müasirlərinin B.Nəbiyev barəsində fikirləri yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: