Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

AMEA-nın 70 illik yubileyi çərçivəsində təşkil olunan sərgi xarici qonaqların marağına səbəb olub
12.11.2015 10:25
  • A-
  • A
  • A+

AMEA-nın 70 illik yubileyi çərçivəsində təşkil olunan sərgi xarici qonaqların marağına səbəb olub

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyi çərçivəsində təşkil olunan sərgi xarici qonaqların marağına səbəb olub. Nobel mükafatı laureatı, professor Corc Ficerald Smut, Xəzər Strateji İnstitutunun (HASEN) baş katibi Haldun Yavaş və HASEN-in bölgə koordinatoru Kəmalə Paşayeva, Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Əhməd Cavad Acar, Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darhan Kıdıralı, həmçinin bir çox yerli və xarici qonaqlar sərgini ziyarət ediblər.

AMEA-nın Əsas binasında qurulan sərgi Akademiyanın 7 elmi bölməsinin guşələrində hər bir elmi müəssisənin uzun illər əldə etdiyi əsas nailiyyətlər, önəmli araşdırma nəticələri, institut və təşkilatların fəaliyyətini əks etdirən bukletlər, Azərbaycan, rus və ingilis dillərində mini bukletlər, dəyərli nəşrlər, kitablar, o cümlədən 70 illik yubileyə həsr edilən yeni nəşrlərdən ibarətdir. Hər bir elmi müəssisəyə pavilyon ayrılmaqla, Akademiya ümumilikdə 45 pavilyonla öz sərgisində təmsil olunur. Pavilyonlar masaüstü eksponat, institut və ya təşkilatın fəaliyyət istiqamətləri, 70 ildə keçdiyi yol və müasir vəziyyətindən olan görüntüləri özündə birləşdirən videoçarxların yayımlandığı monitorlardan ibarətdir.

Son zamanlar Akademiyanın əsas hədəf kimi seçdiyi istiqamətlərdən biri də aparılan araşdırma nəticələrini, laboratoriyalarda tədqiqi ilə məşğul olunan sahələrin uğurlu yeniliklərini, eləcə də bütün innovativ yenilikləri istehsalatda tətbiq etməkdir. Bu baxımdan 70 illik yubiley sərgisində diqqəti cəlb edən növbəti guşə innovasiya guşəsidir. AMEA-nın son illər ərsəyə gətirdiyi yeni məhsulları burada sərgilənir.

Sərgi salonunda Akademiyanın nəzdində fəaliyyət göstərən elmi müəssisələrlə yanaşı, Rəyasət Heyətinin struktur tərkibinə daxil olan "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, Respublika Seysmoloji Xidmət Mərkəzi, Təcrübə-Sənaye Zavodu və digər elmi istiqamətli müəssisələrin məhsulları və Rəyasət Heyəti üzvlərinin müəllifi olduğu çap məhsullarından ibarət guşə yer alır. Həmçinin AMEA-nın regional bölmələri 70 illik yubiley münasibətilə təşkil edilən sərgidə öz elmi yaradıcılıq məhsulları və mühüm nəticələrini nümayiş etdirir. Burada Akademiyanın digər dövlət qurumu və təşkilatları ilə birgə gördüyü işlər də sərgilənir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: