Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Yenicə çapdan çıxan “Ədəbiyyatımızın vicdanı” kitabı akademik Məmməd Arif Dadaşzadənin yaradıcılığını əks etdirir
11.11.2015 14:59
  • A-
  • A
  • A+

Yenicə çapdan çıxan “Ədəbiyyatımızın vicdanı” kitabı akademik Məmməd Arif Dadaşzadənin yaradıcılığını əks etdirir

Görkəmli ədəbiyyatşünas alim, akademik Məmməd Arif Dadaşzadənin anadan olmasının 110 illiyinə həsr olunmuş “Ədəbiyyatımızın vicdanı. Məmməd Arif Dadaşzadə. Məqalələr. Xatirələr. Məktublar” kitabı “Elm” nəşriyyatında çapdan çıxıb.

Kitabın əvvəlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Akademik Məmməd Arifin 110 illik yubileyinin keçirilməsi haqqında” 15 aprel 2015-ci il tarixli Sərəncamı yer alıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Müdriklik və müasirlik” adlı məqaləsində görkəmli alimin həyatı, yaradıcılığı, ədəbiyyatşünaslıq elmi sahəsində tədqiqatları barədə ətraflı məlumat verilir. Akademik Məmməd Arif Dadaşzadəni “görkəmli alim və böyük şəxsiyyət” kimi səciyyələndirən akademik İsa Həbibbəyli yazır: “Müdriklik və müasirlik Məmməd Arif Dadaşzadənin həyatının və fəaliyyətinin, elmə, ədəbiyyata, sənətə, zamana və insanlara münasibətinin bütün mahiyyətini özündə cəmləşdirir. Belə düşünürük ki, seçdiyi “Arif” təxəllüsü də təsadüfi olmayıb, onun müdrikliyə, təfəkkürə, müasirliyə ağırlıq verdiyini göstərən ən əhəmiyyətli faktlardan biridir.”

Kitabda Azərbaycan ədəbiyyatşünaslığı və ədəbi tənqidinin yaradıcılarından biri, görkəmli pedaqoq, tərcüməçi, ictimai xadim, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Məmməd Arif Dadaşzadənin həyat və çoxşaxəli fəaliyyəti əks olunub. Burada Məmməd Arif  haqqında müxtəlif illərdə dövri mətbuatda, elmi toplu və jurnallarda dərc olunmuş məqalələr, habelə alimə ünvanlanan çoxsaylı məktubların bir hissəsi ilk dəfə olaraq yer alıb. Mirzə İbrahimov, Mir Cəlal, Rəsul Rza, Süleyman Rüstəm, Məmməd Cəfər Cəfərov,Kamal Talıbzadə, Abbas Zamanov, Bəxtiyar Vahabzadə, Bəkir Nəbiyev, Yaşar Qarayev, Şirməmməd Hüseynov və bir çox digər alim, ədəbiyyatşünas, şair və yazıçıların məqalələrində görkəmli alimin yaradıcılığı təhlil edilir.

AMEA Ədəbiyyat İnstitutunda hazırlanmış elmi nəşrdə Məmməd Arif Dadaşzadəyə ünvanlanan məktub, teleqram, təbriklərlə yanaşı, alimin həyatının müxtəlif anlarını özündə əks etdirən nadir fotoşəkillər də verilib.

Yeni nəşrin ön sözünün müəllifi akademik İsa Həbibbəyli, tərtibçisi filologiya üzrə fəlsəfə doktoru Aqşin Dadaşzadə, redaktoru isə professor Zümrüd Dadaşzadədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: