AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı 16-17 oktyabr tarixində Naxçıvan Muxtar Respublikasında keçirilən “Tarixi ipək yolu və Naxçıvanın iqtisadi-mədəni əlaqələrinin inkişafı məsələləri” adlı Beynəlxalq konfransında iştirak edib.
AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti və Türkiyənin Ərdahan Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda fil.ü.e.d. G.Babaxanlı “Azərbaycan folkloru Ərtoğrol Cavidin tədqiqatlarında” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Ərtoğrol Cavidin həm atası Hüseyn Cavid kimi şair, həm müəllimləri dahi Üzeyir bəy Hacıbəyli və Bülbül kimi istedadlı musiqişünas, bəstəkar, həm də folklor tədqiqatçısı kimi fəaliyyətindən bəhs edilib. Eyni zamanda, Ərtoğrol Cavidin AMEA Hüseyn Cavidin Ev Muzeyində saxlanılan materiallar əsasında folklorşünaslıq irsinin bəzi cəhətləri təhlil edilib. G.Babaxanlı bildirib ki, materialların böyük bir qismini xalqımız arasından toplanmış nağıl və dastanlar, aşıq poeziyası örnəkləri təşkil edir. Ə.Cavid bu sahədə də öz erudisiya və biliklərini həmin folklor materiallarına yazdığı rəylərdə və onlar haqqında söylədiyi elmi-tənqidi fikirlərdə ifadə etməyə nail olmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir