Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

16.10.2015 15:24
  • A-
  • A
  • A+

“Azərbaycanlılar” tarixi-etnoqrafik cildinin hazırlanmasının gedişatı müzakirə edildi

“Azərbaycanlılar” tarixi-etnoqrafik cildinin hazırlanmasının gedişatı müzakirə edildi

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda  Rusiya EA-nın Etnologiya və Antropologiya İnstitutunun dünya xalqları barədə “Xalqlar və mədəniyyətlər” çoxcildlik seriyasının nəşri kontekstində rus dilində “Azərbaycanlılar” (“Азербайджанцы”) adlı cildinin hazırlanma işinin gedişatı müzakirə edildi.

Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova Rusiya EA-nın Etnologiya və Antropologiya İnstitutu tərəfindən dünya xalqları barədə tarixi-etnoloji cild seriyasının yaradılmaqda olduğunu diqqətə çatdırdı. Bildirdi ki, bu kontekstdə Rusiya EA-nın Etnologiya və Antropologiya İnstitutu AMEA Arxeologiya və Etnoqrafiya İnstitutuna  Azərbaycan xalqının tarixi və etnoqrafiyasına aid “Azərbaycanlılar” adlı cildin hazırlanması üçün müraciət etmişdir.

M. Rəhimova “Azərbaycanlılar” adlı cildin xalqımızın tarixi əraziləri və etnoqrafiyası, maddi və mənəvi dəyərlərinin rusdilli elmi məkanda tanıdılması istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Bildirdi ki, institut əməkdaşları Azərbaycan xalqının tarixi və etnoqrafiyası barədə onlara tövsiyə edilən bölmələrin hazırlanması və redaktəsi işinə xüsusi diqqət və məsuliyyətlə yanaşmalıdırlar.

Mövzu ilə əlaqədar çıxış edən akademik Teymur Bünyadov və tarix üzrə elmlər doktoru Əliağa Məmmədli qeyd etdilər ki, “Azərbaycanlılar” cildinin strukturu və əsas bölmələri artıq müəyyən edilmiş və bu bölmələr üzərində iş davam etməkdədir. Cildin bölmələrinin hazırlanmasına bu institut əməkdaşları ilə yanaşı, müxtəlif elm və təhsil ocaqlarının mütəxəssisləri də cəlb edilib. 

Müzakirələr zamanı cildin hər bölməsinin yazılmasına məsul olan institut əməkdaşlarının məlumatları dinlənildi, mövzu üzrə fikir mübadiləsi aparıldı. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: