www.science.az
12.10.2015 10:38

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri akademik Zərifə Əliyeva adına liseyin istedadlı şagirdləri ilə görüşüb

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri akademik Zərifə Əliyeva adına liseyin pedaqoji kollektivi və istedadlı şagirdləri ilə görüş keçirib.

Liseyin direktoru, Əməkdar müəllim, filologiya üzrə fəlsəfə doktoru Mehriban Vəliyevə akademiyanın gənc alimlərini salamlayaraq, bildirib ki, liseyin əsas məqsədi milli-mənəvi dəyərlərə, yaradıcı təfəkkür və məntiqi yanaşmaya malik gənclərin dünyaya inteqrasiya etməsi, müstəqil şəxsiyyət kimi formalaşmasına şərait yaratmaqdır. Qeyd edilib ki, liseydə təlim-tərbiyyə, səmərəli təhsil yanaşmaları müasir tələbləri ödəyən metod və texnologiyalar üzərində qurulur. Fundamental və tətbiqi biliklərin tədrisi əsas tutularaq, tədris prosesinin tədqiqatyönümlü olmasına şərait yaradılır, şagirdlərin istedadı müxtəlif yollarla üzə çıxarılır, nümayiş etdirilir və dərsdənkənar təlim imkanları genişləndirilir.

Bildirilib ki, bu məqsədlə liseydə istedadlı şagirdlərdən ibarət “Kiçik Akademiya” yaradılıb. Bu akademiyanın üzvləri Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən hər il keçirilən “Sabahın alimləri” elmi müsabiqədə fəal iştirak edərək, riyaziyyat, kimya, fizika və digər fənnlər üzrə qalib olurlar. İstedadlı şagirdlər, həmçinin beynəlxalq müsabiqələrdə ölkəmizi təmsil edirlər.

Lisey direktoru AMEA ilə əməkdaşlıqda əsas məqsədin şagirdlərin elmi biliklərinin inkişaf etdirilərək, uğurlu nəticələrin əldə edilməsi olduğunu söyləyib.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov ilk olaraq rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. O, şura yaradılarkən AMEA prezidenti, akademik Akif Əlizadənin əsas tövsiyələrindən birinin orta və ali məktəblərdə istedadı ilə fərqlənən şagird və tələbələrin elmə cəlb edilməsi olduğunu bildirib. Qeyd edib ki, bu baxımdan akademik Zərifə Əliyeva adına lisey ilə əməkdaşlıq etmək bizim üçün mühüm əhəmiyyət kəsb edir.

Şura sədri müxtəlif fənnlər üzrə müsabiqələrə qatılan şagirdləri onları maraqlandıran prioritet sahələrlə tanış olmaq məqsədilə AMEA institutlarına dəvət edib. O, şagirdlərin elmi ideyalarını layihəyə çevirərək, beynəlxalq müsabiqələrə qatılmaları üçün onlara akademiya tərəfindən dəstəyin göstəriləcəyini bildirib.

Sonra AMEA Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri – kimya üzrə fəlsəfə doktorları Faiq Məmmədov, Əfsun Sucayev, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova, aqrar elmlər üzrə fəlsfə doktoru İzzət Talıbov şagirdlərin suallarını cavablandırıblar.

Gənc alimlər liseydə şagirdlər üçün yaradılan şəraitlə də tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir