www.science.az
12.10.2015 09:48

AMEA-da Almaniyanın “Folksvagen” Fondunun nümayəndə heyəti ilə görüş keçirilib

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Almaniyanın “Folksvagen” Fondunun Baş katibi Vilhelm Krulun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə akademik İbrahim Quliyev AMEA-nın 70 illiyinə həsr olunan tədbirlər, həmçinin akademiyanın elmi müəssisə və təşkilatlarının fəaliyyəti, elmi istiqamətlər üzrə aparılan tədqiqatlar, eləcə də ölkəmizdə elmin ən müasir sahələrinin inkişafına, multidissiplinar tədqiqatlara, gənc alimlərin yetişdirilməsinə göstərilən yüksək diqqət və qayğıdan danışıb.

Akademik İ.Quliyev AMEA-nın dünyanın ən böyük və tanınmış elmi mərkəzləri ilə səmərəli əməkdaşlıq əlaqələri qurduğunu da diqqətə çatdırıb.

Görüşdə “Folksvagen” Fondunun Baş katibi Vilhelm Krul Fondun tarixi və fəaliyyəti haqqında məlumat verib, əməkdaşlıq əlaqələri və perspektivlər barədə danışıb. Bildirib ki, Fond Orta Asiya və Qafqaz regionunda, xüsusilə Azərbaycanda həyata keçiriləcək layihələrin maliyyələşdirilməsində maraqlıdır. O, Almaniyada təhsil alan magistr və doktorantların təhsillərini tamamladıqdan sonra Azərbaycanda fəaliyyət göstərmələri və innovativ tədqiqatlar aparmaları üçün lazımi infrastrukturun yaradılması məqsədilə birgə hazırlanacaq layihələrin də maliyyələşdirilə biləcəyini qeyd edib.

Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir