www.science.az
09.10.2015 13:25

Professor Əziz Səncər kimya səhəsində Nobel mükafatına layiq görülüb

Türkiyəli alim, professor Əziz Səncər hüceyrələrin zədələnmiş DNT-ləri necə bərpa etdiyini və genetik məlumatları qoruduğunu xəritələndirən araşdırmalarına görə 2015-ci ilin kimya üzrə Nobel mükafatına layiq görülüb. Mükafata Pol Modriç (ABŞ) və Tomas Lindalla (Böyük Britaniya) birlikdə layiq görülən Ə.Səncər daha öncə də xərçəng xəstəliyinin müalicəsində “ritmik saat” kəşfinə, eləcə də “DNT təmiri” və “hüceyrələrin dəyişikliklərinin nəzarət nöqtəsi” kimi mövzularında apardığı tədqiqatlarına görə müxtəlif mükafatlarla təltif olunub.

Professor Əziz Səncər 8 sentyabr 1946-cı ildə Türkiyə Respublikasının Mardin şəhərinin Savur kəndində anadan olub. 1963-cü ildə İstanbul Universitetinin Tibb fakültəsinə daxil olub, 1971-ci ildə universiteti bitirərək təhsilini davam etdirmək məqsədilə ABŞ-a səfər edib. ABŞ-ın Dallas Texas Universitetində Molekulyar biologiya səhəsində doktorluq dissertasiyası müdafiə edib, Yel (Yale) Universitetində DNT-nin bərpası istiqamətində dosentlik mövzusunu tamamlayıb. Alim 1997-ci ildən ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və Biofizika Bölməsində fəaliyyət göstərir.  400-dən artıq elmi məqalənin müəllifidir. Məqalələrə 12 mindən çox istinad olunub, 33 kitabı işıq üzü görüb. Professor Əziz Səncər apardığı tədqiqatlara görə 2005-ci ildə Amerika Milli Elmlər Akademiyasına üzv qəbul edilən 3 türk əsilli alimdən biridir.

O, müxtəlif vaxtlarda ABŞ Milli Elm Fondunun Gənc Tədqiqatçı Mükafatı (1984), Amerika Fotobiologiya Cəmiyyətinin mükafatı (1990), ABŞ Milli Sağlıq İnstitutu mükafatı (1995), TÜBİTAK Mükafatı (1997), ABŞ İncəsənət və Sosial Elmlər Akademiyasının mükafatı (2004), Türkiyə Elmlər Akademiyasının mükafatı (2006) və Vəhbi Koç Mükafatına (2007) layiq görülüb.

Azərbaycan Milli Elmlər Akademiyası professor Əziz Səncəri kimya üzrə Nobel mükafatına layiq görülməsi münasibəti ilə təbrik edir, səmərəli elmi fəaliyyətində ona uğurlar arzu edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir