www.science.az
08.10.2015 11:42

AMEA-da yanğından mühafizə üsullarına həsr olunmuş seminar keçirilib

Oktyabrın 7-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Yanğından mühafizə üsulları və onun həyata keçirilməsində müəssisə və təşkilatların üzərinə düşən vəzifələr” mövzusunda seminar-məşğələ keçirilib. Tədbir AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki  Müdafiə Qoşunlarının Mülki Müdafiə İdarəsi, FHN-nin Akademiyası və FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə AMEA-nın elmi-müəssisə və təşkilatlarının ümumi işlər üzrə direktor müavinləri, MM qərargah rəisləri, yanğınsöndürmə dəstələrinin komandirləri iştirak ediblər.

Seminar-məşğələni giriş sözü ilə açan II Xüsusi şöbənin rəisi Eldar Quliyev AMEA-nın elmi müəssisə və təşkilatlarının MM qərargah rəislərinin baş verə biləcək fövqəladə hallarla bağlı mütəmadi məlumatlandırıldığını və bu istiqamətdə mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Tədbirin keçirilməsinin əhəmiyyətindən danışan şöbə rəisi bildirib ki, əsas məqsəd əməkdaşları maarifləndirmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza   hadisələri zamanı düzgün təxliyyə olunmasının öyrədilməsidir.

Sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki  Müdafiə Qoşunlarının Mülki Müdafiə İdarəsinin rəisi, polkovnik Qüdrət Ağayev çıxış edərək “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsi barədə məlumat verib. Bildirilib ki, hər bir müəssisədə yanğın təhlükəsizliyinin təmin olunması məqsədi ilə müvafiq standartlara, tikinti norma və qaydalarına, texnoloji layihələşdirmə normalarına, həmçinin müəyyən edilmiş qaydada tətbiq edilmiş digər normativ sənədlərin tələblərinə ciddi riayət olunmalıdır. İnzibati binalarda, onun mərtəbələrində olan insanları yanğın hadisəsi haqqında məlumatlandırmaq üçün xəbərverici qurğuların quraşdırılmasının zəruriliyi qeyd edilib.

Bildirilib ki, müəssisə və təşkilat rəhbərləri yanğın təhlükəsizliyi ilə əlaqədar tabelikdə olan qurumlarda və müvafiq ərazilərdə yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanmasını təşkil edərək onun yerinə yetirilməsini təmin etməli, əməkdaşları yanğınla bağlı məlumatlandırmalı, texniki heyətə yanğın təhlükəsizliyi tədbirlərini öyrətməlidirlər.

Seminarda çıxış edən Azərbaycan Respublikası FHN-nin Akademiyasının Yanğın təhlükəsizliyi ixtisası kafedrasının rəisi, daxili xidmət polkovnik-leytenantı Kazım Kazımov, FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin Təbliğat şöbəsinin rəisi, polkovnik Hikmət Cəfərov və həmin şöbənin baş mütəxəssisi Nizami Fərəcov fövqəladə hallar zamanı davranış qaydalarının öyrənilməsi və praktiki məşğələlər zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunması baxımından bu cür tədbirlərin keçirilməsinin önəmliyini vurğulayıblar.

Tədbirdə iştirakçılara fövqəladə hallar barədə ətraflı məlumatlar verilib, mövsüm üçün xarakterik olan fövqəladə hadisələrdən bəhs edilərək, həmin hadisələr zamanı düzgün davranış qaydaları açıqlanıb.

Sonda suallar cavablandırılıb, bir sıra fikirlər səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir