www.science.az
07.10.2015 12:47

Azərbaycanlı alimlər “HORİZON-2020” proqramı çərçivəsində beynəlxalq layihələrdə iştirak edirlər

“HORİZON-2020” proqramının Azərbaycandakı koordinatoru olaraq AMEA-nın Beynəlxalq Əlaqələr İdarəsinin gördüyü işlərin yüksək nəticəsi kimi son illər ərzində AMEA və respublikanın bir sıra elmi müəssisələrinin alim və mütəxəssislərinin Avropa İttifaqında keçirilmiş görüş və treninqlərdə iştirakı təmin olunmuşdur.

Beynəlxalq Əlaqələr İdarəsinin təşəbbüsü və dəstəyi, eyni zamanda  yerli və xarici mütəxəssislərin iştirakı ilə və İncoNet EaP çərçivəsində bir sıra görüş və konfranslar təşkil edilmişdir. Belə ki, Avropa Komissiyasının IncoNet EaP proqramı çərçivəsində Xorvatiyanın Dubrovnik şəhərində enerji, iqlim dəyişiklikləri və səhiyyə istiqamətləri üzrə beynəlxalq ekspertlər və yerli mütəxəssislərin iştirakı ilə 27 sentyabr - 2 oktyabr tarixlərində "Enerji, su resursları və ekoloji sistemlərin davamlı inkişafı" mövzusunda konfrans keçirilib. Konfransda Radiasiya Problemləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü İslam MustafayevCoğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov məruzələrlə çıxış ediblər.

Bununla yanaşı, oktyabrın 1-də Ukraynanın Kiyev şəhərində İncoNet proqramı çərçivəsində "Şərq Tərəfdaşlığı ölkələrində tədqiqat layihələrinin ekspertizası və qiymətləndirilməsi: mövcud vəziyyət və perspektivlər" mövzusunda iclas və iclas çərçivəsində treninq keçirilib. İclasda Qafqaz Universiteti Texnoparkının Layihə inkişaf və texnologiya transferi şöbəsinin rəhbəri Zəfər Həsənov da iştirak edib.

Həmçinin 3-8 oktyabr tarixlərində Polşanın Zakopane şəhərində “HORİZON-2020” və IncoNet Şərq Tərəfdaşlığı proqramlarının səhiyyə istiqamətləri üzrə beynəlxalq ekspertlərin və yerli mütəxəssislərin iştirakı ilə 42-ci “Onkologiya Cəmiyyəti və biomarkerlər" adlı beynəlxalq konfrans keçirilir. Tədbirdə AMEA Fiziologiya İnstitutunun əməkdaşı, fiziologiya seksiyasının sədri, biologiya üzrə elmlər doktoru Arif Mehdiyevin "Arzu olunan tədbirlər üzrə Anti-kanserojen preparatların hazırlanması üçün Embriyonik modellərin tətbiqi" mövzusunda məruzəsi dinlənilib.

Bundan əlavə, 11-14 oktyabr tarixlərində Minsk şəhərində (Belarus) "Energetika sahəsində Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələri arasında elmi, texnoloji və innovasiya üzrə əməkdaşlığın perspektivləri" adlı beynəlxalq konfrans keçiriləcək. Tədbir XX Beynəlxalq İxtisaslaşmış Sərgi və XX Belarus Energetika və Ekologiya Konqresinin də daxil olduğu ENERGY EXPO- 2015 yubiley forumunun bir hissəsidir. Beynəlxalq tədbirdə AMEA-nın müxbir üzvü İslam Mustafayev, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Texnologiya Transfer Mərkəzinin direktoru Aydın HüseynovADA Universitetinin Ətraf mühit elmləri bölməsinin dosenti Gülçohrə Əliyeva iştirak edəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir