www.science.az
01.10.2015 08:41

Azərbaycan alimləri beynəlxalq layihələrdə iştirak edirlər

Avropa Tədqiqat Məkanı (ERA.NET) çərçivəsində iştirakçı ölkələrdə aparılan elmi işlərin əlaqələndirilməsi və stimullaşdırılması üçün müxtəlif beynəlxalq layihələr həyata keçirilir. Bu layihələrdə Azərbaycan alimlərinin və elmi-tədqiqat müəssisələrinin iştirakı ölkəmizin Avropa elmi mühitinə inteqrasiyası və qarşılıqlı əlaqələrin yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu gün AMEA-da beynəlxalq elmi əlaqələr üzrə aparılan işlər müxtəlif elmi-tədqiqat institutları və universitetlərin elmi layihələrdə iştirakına geniş imkan yaradıb. Bu baxımdan AMEA Beynəlxalq Əlaqələr İdarəsinin hərtərfli fəaliyyətinin nəticələri özünü göstərməkdədir.

AMEA Beynəlxalq Əlaqələr İdarəsinin milli koordinator olduğu Avropa Komissiyasının Tədqiqat və Texnoloji İnkişaf üzrə 7-ci Çərçivə Proqramı (FP-7) çərçivəsində AMEA-nın təmsil olunduğu Qara Dəniz Regionunda birgə elmi-tədqiqat layihələrinin müştərək pilot müsabiqəsində (BS-ERA.NET) Azərbaycan alimləri də iştirak ediblər. Müsabiqədə Avropa ölkələri üzrə ümumilikdə 293 layihə təqdim edilib. Onlardan 11 layihə, o cümlədən Almaniyadan 2, Bolqarıstandan 1, Rumıniyadan 4, Yunanıstandan 3, Azərbaycandan isə 1 layihə qalib gəlib. (www.bs-era.nethttp://sdf.gov.az/qrant/eif_era_net_results.pdf)

Maddi ehtiyatların istismarı və nəqli nominasiyası üzrə qalib gəlmiş və koordinatoru Azərbaycandan olan “Qara Dəniz regionunda neft və qazın nəqli zamanı istifadə olunan maşın və mexanizmlərin etibarlılığı və möhkəmliyi” adlı layihənin icra müddəti 3 il və ümumi məbləği 194000 avro olub. Qafqaz ölkələrindən yeganə qalib layihənin yerinə yetirilməsi üçün yaradılmış Beynəlxalq Elmi Konsorsiumun rəhbəri Azərbaycan Texniki Universitetinin “Texniki Mexanika” kafedrasının professoru, “HORİZON 2020” Proqramının smart nəqliyyat istiqaməti üzrə milli əlaqələndiricisi, texnika elmləri doktoru Valeh Baxşəliyevdir. Mühüm elmi-texniki əhəmiyyətə malik bu layihənin xarici partnyorları isə prof. Karsten Proppe (Almaniya), prof. Erdal Çelik (Türkiyə) və prof. Nodar Davitaşvilinin (Gürcüstan) elmi qruplarıdır.

Adıçəkilən layihə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdirilir. 

Layihənin mövzusuna uyğun olaraq mexanika, metallurgiya, tribotexnika, termodinamika, o cümlədən müasir nanomexanika prinsipləri əsasında elmi konsorsium tərəfindən tədqiqat aparılıb, regionda neft və qazın nəqli zamanı (Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərində) istifadə olunan maşın və mexanizmlərin etibarlığı və işgörmə qabiliyyətinin yüksəldilməsi, bu maşınların ətraf mühitin çirklənməsinə təsirinin azaldılması üçün praktiki təkliflər verilib.  Görülən elmi işlərin nəticələri xarici ölkələrdən olan tərəfdaşlarla birlikdə beynəlxalq elmi jurnallarda dərc edilib, müxtəlif konfranslarda məruzə edilib. Avropa Komissiyasının  7-ci Çərçivə Proqramı hüdudlarında BS.ERA.NET üzrə keçirilən beynəlxalq konfransların plenar iclaslarında layihənin koordinatoru olan prof. V.Baxşəliyev yerinə yetirilən elmi işlərin nəticələri barədə ətraflı məlumat verib, ölkəmizi Avropanın mötəbər elmi tədbirlərində layiqincə təmsil edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir