www.science.az
29.09.2015 08:18

Mərkəzi Elmi Kitabxana Türkmənistanda beynəlxalq kitab sərgi-yarmarkasında uğurla təmsil olunub

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) bir qrup əməkdaşı Türkmənistanın Aşqabad şəhərində keçirilən X Beynəlxalq kitab sərgi-yarmarkasında və “Kitab tərəqqi və əməkdaşlıq yoludur” mövzusunda beynəlxalq elmi konfransda iştirak edib.

Sərgi-yarmarkada kitabxanaya aid pavilyonda Azərbaycan elmi, tarixi, ədəbiyyatı və mədəniyyətinə dair zəngin informasiyaları əks etdirən Azərbaycan, rus və ingilis dillərində, yüksək poliqrafik keyfiyyətdə 70-dək kitab və çap məhsulu, həmçinin videotəqdimat nümayiş etdirilib.

Kitabxananın hazırladığı sərgi stendi və kitabların elektron təqdimatı tədbir iştirakçılarının xüsusi marağına səbəb olub. Sərgidən sonra MEK tərəfindən nümayiş olunan kitablar Türkmənistanın dövlət kitabxanalarına hədiyyə edilib.

Sərgi-yarmarkada ölkəmizi MEK ilə yanaşı “Hədəf”, “XAN” və “Şərq-Qərb” nəşriyyatları da təmsil edib. Kitabxananın təqdim etdiyi, bu nəşriyyatlara məxsus çap məhsulları sərginin ən yaxşı dərslik, çap, rəssam və tərtibat işi nominasiyalarında mükafata layiq görülüb. Həmçinin, MEK sərgi-yarmarkada və konfransda iştirakına görə diplomla təltif olunub.

Sərgi günlərində Türkmənistan Dövlət Nəşriyyat Xidməti tərəfindən “Kitab tərəqqi və əməkdaşlıq yoludur” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Konfransda MEK-in əməkdaşı Şərafət İsmayılova müasir informasiya cəmiyyətində kitabxanaların rolu, informasiya cəmiyyətində analitik təhlil və məlumatların çeşidlənməsi, informasiya resurslarının axtarış sistemləri və müasir texnologiyaların tətbiqi ilə bağlı kitabxanaçıların qarşısında duran yeni vəzifələr, kitabxanalararası inteqrasiya və onun əhəmiyyəti mövzusunda məruzə ilə çıxış edib.

Səfər çərçivəsində MEK-in əməkdaşları Türkmənistan Milli Kitabxanası və Türkmənistanın Mərkəzi Elmi Kitabxanasında bir sıra mühüm görüşlər də keçiriblər. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlıq imkanları müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir