Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alimlər Türkiyədə üzümün virus və virusabənzər xəstəlikləri ilə bağlı tədbirdə iştirak ediblər
23.09.2015 09:25
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər Türkiyədə üzümün virus və virusabənzər xəstəlikləri ilə bağlı tədbirdə iştirak ediblər

Türkiyənin Ankara şəhərində Üzümün virus və virusabənzər xəstəlikləri üzrə Beynəlxalq Konsulluğun 18-ci konqresi (ICVG) keçirilib.

Dünyanın nüfuzlu alimlərinin toplaşdığı bu tədbirə AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova “Virusların diaqnostikası” seksiyasının sədri kimi dəvət alıb və onun rəhbərliyi altında üzümün virus və fitoplazma xəstəlikləri üzrə aparılan tədqiqatların nəticələri iki məruzə şəklində təqdim edilib. “Azərbaycanda üzümün GLRaV-3virus xəstəliyi haqqında ilk məlumat” mövzusunda məruzə konqresin birinci günü dinlənilib və iştirakçıların böyük marağına səbəb olub. Üzümün fitoplazma xəstəliklərinə həsr olunmuş məruzə isə b.ü.f.d. Gülnarə Balakişiyeva tərəfindən təqdim olunub.

Qeyd edək ki, üzümün virus və fitoplazma xəstəliklərinin öyrənilməsinə iki il bundan əvvəl AMEA Botanika İnstitutunda akademik Cəlal Əliyevin rəhbərlik etdiyi şöbədə başlanılmış və tədqiqatlar intensiv şəkildə davam etdirilmişdir. Bu problemin öyrənilməsinə həsr olunan layihə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2013-cü il əsas müsabiqəsinin qalibi olmuşdur. Eyni zamanda, tədbirdə İCVG-nin növbəti konqeslərdən birinin Azərbaycanda keçirilməsinin mümkünlüyü müzakirə olunmuşdur. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: