Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Usta söyləyicilərin repertuarı" toplusu çapdan çıxıb
18.09.2015 05:26
  • A-
  • A
  • A+

"Usta söyləyicilərin repertuarı" toplusu çapdan çıxıb

AMEA Folklor İnstitutu tərəfindən "Usta söyləyicilərin repertuarı" toplusu nəşr olunub.

Yeni nəşr Azərbaycanda nağıl söyləyicilərinə həsr olunmuş ilk kitabdır. Kitabda öz dəst-xətti, söyləyicilik manerası, zəngin repertuarı ilə seçilən dörd söyləyicinin – Narış Bayramova (Ağcabədi), Musa Bayramov (Bərdə), Əli Süleymanov (Ağdam) və Abbas Abbasovun (Cəbrayıl) şifahi irsi cəmlənib. Bu söyləyicilər Folklor İnstitutunun icra etdiyi Qarabağ layihəsi çərçivəsində 2012-2014-cü illərdə bölgəyə təşkil olunmuş ezamiyyələr zamanı aşkarlanaraq qələmə alınıb. Müxtəlif peşə sahibi olan həmin söyləyicilər hələ erkən yaşlarından şifahi ədəbiyyata böyük maraq göstərmiş, valideynlərindən, ağsaqqallardan eşitdiyi nümunələri güclü hafizələri sayəsində yadda saxlamışlar. Müxtəlif janrlara dair nümunələr bilsələr də, nağıllar onların repertuarının əsasını təşkil edir və ustalıq, sənətkarlıq keyfiyyətləri məhz bu janrda özünü daha çox göstərir. Bu söyləyicilər Azərbaycan nağıl repertuarını yeni süjetlərlə, yeni kontaminasiya tipləri ilə zənginləşdirmiş, Azərbaycan folkloruna həm informasiya yükünə, həm də variant xüsusiyyətlərinə görə ənənəvi variantlardan kifayət qədər fərqlənən yeni nağıllar bəxş etmişlər.

"Elm və təhsil" nəşriyyatında çapdan çıxmış kitabda söyləyicilərin geniş tərcümeyi-halı verilib, şifahi irsi qısa xarakterizə edilmiş və onlardan qələmə alınmış ən seçmə nümunələr yer alıb.

Layihənin müəllifi Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov, materialların toplayıcısı filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadə, kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Rza Xəlilovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: