www.science.az
17.09.2015 11:48

Coğrafiya İnstitutunun 70 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans işə başlayıb

Sentyabrın 17-də AMEA-nın Əsas binasında Coğrafiya İnstitutunun 70 illik yubileyinə həsr olunmuş “Müasir qlobal dəyişmələrə geo və təbii-təsərrüfat sistemlərinin adaptasiyası problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başladı.

Tədbirdə Ukrayna, Qazaxıstan, Gürcüstan, İran, Rusiya, Belarus və digər ölkələrin alimləri, dövlət rəsmiləri, AMEA Yer Elmləri Bölməsinin üzvləri, tanınmış elm, ədəbiyyat və mədəniyyət xadimləri, KİV nümayəndələri  iştirak edirdilər.

İştirakçılar əvvəlcə akademiyanın foyesində Coğrafiya İnstitutunun alimləri tərəfindən nəşr etdirilmiş kitablarla tanış oldular.

Yubiley tədbirini giriş sözü ilə aşan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Coğrafiya İnstitutunun fəaliyyət göstərdiyi müddətdə Azərbaycan elminə verdiyi dəyərli töhfələrdən söz açdı, institutunun kollektivini yubiley münasibətilə təbrik etdi, konfransın işinə uğurlar arzudı.

AMEA rəhbəri bildirdi ki, iki gün davam edəcək konfransda müasir qlobal dəyişmələr, onların təbii-təsərrüfat sistemlərində, su ehtiyatları ilə təminatda, Xəzər dənizinin ekocoğrafiyasında yaratdığı sosial-iqtisadi və regional problemlər, təbii-təsərrüfat sistemlərinin müasir şəraitə adaptasiyası məsələləri və s. haqqında məruzələr dinləniləcək, mövzular ətrafında geniş müzakirələr aparılacaq.

Sonra institutun direktoru, akademik Ramiz Məmmədov  “Coğrafiya İnstitutu - 70” mövzusunda geniş məruzə ilə çıxış etdi. Məruzədə institutun keçdiyi tarixi yola bir daha nəzər salındı və qeyd edildi ki, institutda əsas elmi-tədqiqat istiqamətləri iki mühüm elmi problem üzərində qurulmuşdur.

Qeyd edildi ki, Coğrafiya İnstitutunda ölkə ərazisində təbii, iqtisadi və sosial coğrafi proseslərin inkişafı, onların qarşılıqlı əlaqələri, təbii ehtiyatların yerləşməsi qanunauyğunluqları, onlardan səmərəli istifadə yollarının öyrənilməsi üzrə elmi-tədqiqatlar aparılır. Biosferin, atmosferin və dənizin təbii sərvətlərinin tədqiqi, onlardan səmərəli istifadə və ətraf mühitin mühafizəsi üzrə bir sıra elmi problemlər işlənilmişdir. İnstitutda iqlimin proqnozu, hidrometeoroloji proseslərin tədqiqi, landşaftşünaslıq, geomorfologiya, paleocoğrafiya, neotektonika, biocoğrafiya və Xəzər dənizi sahəsində tədqiqatlar aparılmışdır. 70 il ərzində bu elmi müəssisə tərəfindən 300-dən çox monoqrafiya, atlas, xəritə, 100-dən artıq kitab və dərslik, 5000-ə yaxın məqalə çap olunmuşdur.

Akademik R.Məmmədov rəhbərlik etdiyi elm müəssisəsinin yaranma tarixini, 70 ildə gördüyü işləri, əldə etdiyi nailiyyətləri özündə əks etdirən “Coğrafiya İnstitutu 70 ildə: nailiyyətlər, perspektivlər, prioritet istiqamətlər” kitabının çapdan çıxdığını bildirdi. Diqqətə çatdırdı ki, nəşrdə nəinki indiyədək əldə olunan elmi nəticələr, həmçinin 2020-ci ilədək ölkənin strateji inkişaf planına uyğun olaraq institutda aparılacaq elmi-tədqiqat işləri, o cümlədən təbii təsərrüfat sistemlərinin inkişafı, ətraf mühitə təsirləri, coğrafiya elmi qarşısında duran problemlər, qlobal iqlim dəyişmələrinin Azərbaycan iqlimində əksi və digər prioritet istiqamətlər öz əksini tapıb.

Natiq son vaxtlar Coğrafiya İnstitutunun beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində atılmış mühüm addımlardan da danışdı.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov, Bakı Dövlət Universitetinin (BDU) coğrafiya fakültəsinin dekanı, professor Fərda İmanov və başqaları əlamətdar gün münasibətilə Coğrafiya İnstitutunun əməkdaşlarını təbrik etdilər, onlara yeni uğurlar arzudılar.

Yubiley tədbirində institutun inkişaf yolundan bəhs edən slaydlar nümayiş olundu.

Tədbir öz işini bölmələr üzrə davam etdirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir