Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

15.09.2015 08:01
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyətində İqtisadi Əməkdaşlıq Təşkilatının Elm Fondunun prezidenti ilə görüş keçirildi

AMEA Rəyasət Heyətində İqtisadi Əməkdaşlıq Təşkilatının Elm Fondunun prezidenti ilə görüş keçirildi

Bu gün AMEA Rəyasət Heyətində İqtisadi Əməkdaşlıq Təşkilatının Elm Fondunun prezidenti, professor Mansur Hüseyn Sumro ilə görüş keçirildi. Görüşdə AMEA prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, akademiyanın institut və təşkilatlarının direktorları, idarə rəisləri və digərləri iştirak edirdi. Əsas məqsəd İqtisadi Əməkdaşlıq Təşkilatının Elm Fondunun fəaliyyəti ilə tanışlıq və AMEA ilə əməkdaşlıq perspektivlərinin müzakirəsi idi.

Öncə M.Sumro rəhbərlik etdiyi Fondun fəaliyyəti haqqında təqdimatla çıxış etdi. O, Fondun əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verərək təşkilata üzv ölkələr arasında elmi əməkdaşlıq imkanları, kadr və təcrübə mübadiləsinin aparıldığını diqqətə çatdırdı. AMEA ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu ifadə etdi.

Sonra çıxış edən akademik Akif Əlizadə AMEA-nın böyük və şərəfli tarixə malik olduğunu, cari ilin noyabr ayında bu elm ocağının 70 illik yubileyinin keçiriləcəyini qeyd etdi.  Alim qonağa akademiyada aparılan islahatlar, həyata keçirilən kompleks tədbirlər və elmi araşdırmalar barədə də məlumat verdi. Fondun fəaliyyətini yüksək qiymətləndirən AMEA rəhbəri M.Sumronu müvafiq sahələrdə elmi əməkdaşlıq və birgə layihələrdə iştiraka dəvət etdi.

Daha sonra M.Sumro AMEA-nın bir sıra institut və təşkilatlarının fəaliyyəti, iş şəraiti və əldə etdikləri elmi nailiyyətləri ilə yaxından tanış oldu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: