Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir
07.09.2015 11:15
  • A-
  • A
  • A+

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir

Azərbaycanın görkəmli dilçi və türkoloq alimi, "Şöhrət" ordenli, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı,  Əməkdar Elm Xadimi Ağamusa Ağası oğlu Axundov sentyabrın 5-də ömrünün 83-cü ilində vəfat edib.

Ağamusa Axundov 1932-ci il fevral ayının 2-də Kürdəmir şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1950–1955-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil almış, 1955–1958-ci illərdə isə universitetin aspiranturasında oxumuşdur.

Əmək fəaliyyətinə 1958-ci ildən etibarən Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində başlayan Ağamusa Axundov 1990-cı ilədək burada müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan vəzifələrini tutmuşdur. Universitetdə çalışmaqla yanaşı o, 1959–1965-ci illərdə Azərbaycan Dövlət Dillər İnstitutunda ikinci ali təhsil almışdır.

Ağamusa Axundov 1990-cı ildən 2011-ci ilədək Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktoru və eyni zamanda 2001–2011-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi işləmişdir. O, 2011-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının müşaviri olmuşdur.

Ağamusa Axundov 1958-ci ildə filologiya elmləri üzrə namizədlik, 1964-cü ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1967-ci ildə professor elmi adını almışdır. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Ağamusa Axundovun çoxillik axtarışlarının nəticələri ölkədə və onun hüdudlarından kənarda 500-dən çox elmi əsərdə, 30-dan artıq kitabda, monoqrafiya və dərsliklərdə əksini tapmışdır. Alimin rəhbərliyi ilə 40-dək fəlsəfə doktoru və elmlər doktoru hazırlanmışdır.

Akademik Ağamusa Axundovun Azərbaycan dilçiliyi sahəsində mühüm xidmətləri və səmərəli elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, 1986-cı ildə “Azərbaycan dilinin fonetikası” əsərinə görə Dövlət Mükafatına layiq görülmüş, 2000-ci ildə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Tanınmış alim və səmimi insan Ağamusa Axundovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: