Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Sənaye tətbiqli idarəetmə və optimallaşdırma” mövzusunda beynəlxalq konfrans keçirilir
27.08.2015 08:20
  • A-
  • A
  • A+

“Sənaye tətbiqli idarəetmə və optimallaşdırma” mövzusunda beynəlxalq konfrans keçirilir

Avqustun 27-də Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin Tətbiqi Riyaziyyat İnstitutunun, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və ABŞ-ın İllinoys Universitetinin birgə təşkilatçılığı ilə “Sənaye tətbiqli idarəetmə və optimallaşdırma” (COIA-2015) mövzusunda V Beynəlxalq elmi konfrans keçirilir.

Konfransda Azərbaycan ilə yanaşı, Türkiyə, Ukrayna, Rusiya, ABŞ, İran, Qazaxıstan və digər ölkələrdən olan alim və mütəxəssislər iştirak edirlər.

Konfransın açılışında çıxış edən rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov Azərbaycanda elmin və təhsilin inkişafına böyük diqqət göstərildiyini, bu məsələnin Prezident İlham Əliyevin apardığı siyasətin əsas istiqamətlərindən birini təşkil etdiyini bildirib. Nazir beynəlxalq tədbirdə elmi-nəzəri nəticələrin sənaye və iqtisadiyyatda tətbiqi məsələlərinin geniş müzakirə ediləcəyini deyib. Tədbirdə müxtəlif ölkələrdən tanınmış alim və mütəxəssislərin iştirakını yüksək dəyərləndirən Əli Abbasov qeyd edib ki, biz dünyanın qabaqcıl ölkələri ilə rəqabət aparmaq istəyiriksə, elmə, texnoloji inkişafa xüsusi diqqət yetirməliyik.

Bildirilib ki, dünyanın 26 ölkəsindən 277 alimin qeydiyyatdan keçdiyi konfransın gedişində 200-dək məruzənin dinləniləcəyi gözlənilir. Artıq ənənə halı almış bu konfransların ilk ikisi Bakıda, üçüncüsü 2011-ci ildə Türkiyənin Bilkənt Universitetində, dördüncüsü isə 2013-cü ildə Sofiya Texniki Universitetində keçirilib.

BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov konfransın əhəmiyyətindən danışıb, optimallaşdırma və idarəetmənin hazırda dünyanın ən aparıcı və aktual elm sahələrindən biri olduğunu vurğulayıb. Rektorun sözlərinə görə, hazırda elmin elə sahəsi yoxdur ki, orada məsələnin optimal həllinin tapılması, verilən prosesin ən yaxşı şəkildə idarə edilməsi tələb olunmasın

Rektor son dövrlərdə hər il Bakı Dövlət Universitetinin alimləri tərəfindən elm və təhsil sahəsində 90-dək proqram və qrant layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, BDU-nun alimlərinin apardığı bu işlər dünyanın bir sıra qabaqcıl universitetləri ilə birlikdə yerinə yetirilir və beynəlxalq elmi ictimaiyyət tərəfindən dəstəklənərək qəbul edilir.

Akademik A.Məhərrəmov onu da qeyd edib ki, bu günədək BDU dünyanın 60 ölkəsinin 300-dən çox universiteti ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb, bir çox nüfuzlu assosiasiyaların üzvüdür və beynəlxalq reytinq cədvəllərində öndə gedir. Belə vacib konfransın BDU-da keçirilməsinin əhəmiyyətini qeyd edən rektor tədbirin öz məqsədlərinə çatacağına ümidvar olduğunu bildirib.

Təhsil nazirinin müavini Firudin Qurbanov vurğulayıb ki, Bakıda keçirilən hər bir elmi konfrans ölkəmizin ictimai həyatında mühüm hadisə kimi dəyərləndirilməlidir. BDU-da təşkil edilən bu tədbir çox mühüm məsələyə həsr olunduğuna görə aktualdır. Nazir müavini bildirib ki, 26 ölkədən alimlərin iştirak etdikləri beynəlxalq tədbir bu sahədə dünyada aparılan tədqiqatların inkişafına, elm adamları arasında əlaqələrin genişlənməsinə təkan verəcək. Konfransın Bakıda keçirilməsi həm də Azərbaycan elminin inkişafına və təbliğinə mühüm təsir göstərə bilər.

Firudin Qurbanov ölkəmizdə elm və təhsilin inkişafının daim diqqət mərkəzində olduğunu, son dövrlərdə bu sahədə böyük islahatların aparıldığını, bir sıra mühüm dövlət sənədlərinin qəbul edildiyini diqqətə çatdırıb.

Konfransın beynəlxalq proqram komitəsinin sədri, ukraynalı professor Vladimir Larin, İllinoys Universitetinin professoru Tamer Başar, rusiyalı alim Yuri Yevtuşenko, amerikalı professor Stefen Boyd təcrübə mübadiləsi baxımından konfransın əhəmiyyətini qeyd edib, tədbirdə bir sıra vacib mövzularda səmərəli müzakirələrin aparılacağına əminliklərini bildiriblər.

Sonra İllinoys Universitetinin professoru Tamer Başarın “Rəqabət aparan elementli multiagent şəbəkələndirmə sistemləri” mövzusunda məruzəsi dinlənilib.

Tədbirdə rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasova “Universitetin dostu”, xarici alimlərdən bir qrupuna “Universitetin fəxri qonağı” mükafatları təqdim olunub.

Daha sonra konfrans işini sessiyalarda davam etdirib. “Nəzarət və optimallaşdırma”, “Qlobal optimallaşdırma”, “Forma optimallaşdırma”, “İdentifikasiya və əksinə problemlərdə optimallaşdırma metodları”, “İntellektual və qeyri-səlis nəzarət”, “Optimal nəzarətin ədədi üsulları”, “Tətbiqi proqramlar”, “Şəbəkə və telekommunikasiya sistemləri”, “Neft sənayesi”, “İqtisadiyyat”, “Riyazi modelləşdirmə” mövzularında bölmə iclaslarında alim və mütəxəssislər mövzuya dair məruzələrlə çıxış edib, geniş fikir mübadiləsi aparıblar.

Konfrans avqustun 28-də işini bölmə iclasları ilə davam etdirəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: