Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Qəbələnin qədim abidələrində arxeoloji tədqiqatlar aparılıb
19.08.2015 08:45
  • A-
  • A
  • A+

Qəbələnin qədim abidələrində arxeoloji tədqiqatlar aparılıb

 

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Nəcəf Müseyiblinin rəhbərlik etdiyi ekspedisiya 2015-ci ilin yay mövsümündə Qəbələ rayonu ərazisindəki ən qədim abidə olan, e. ə. IV minilliyin birinci yarısına aid xalkolit dövrü Qalayeri yaşayış məskənində genişmiqyaslı arxeoloji qazıntı işləri aparıb.

Qeyd edək ki, Qalayeri Yaxın Şərqin erkən sivilizasiyaları ilə sıx bağlı olan, əsasən Azərbaycan ərazisində yayılmış Leylatəpə arxeoloji mədəniyyətinə aid abidələrdən biridir. Bu abidədə sistemli tədqiqat işləri 2012-ci ildən aparılır.  

Qalayerində aparılan araşdırmalar ilk növbədə Leylatəpə mədəniyyətinin daha geniş arealda yayıldığını sübut edir. Həmçinin tədqiqatlar Leylatəpə mədəniyyətinin köklərinin qədim Mesopotamiya ilə yanaşı, Şərqi Anadolunun həmdövr mədəniyyətləri ilə də sıx bağlı olduğunu sübut etdi. Ərazidə aşkar edilmiş memarlıq qalıqları, kütləvi istehsalın məhsulu olan keramika məmulatı, daşdan, sümükdən və metaldan hazırlanmış alətlər Şərqi Anadolunun son xalkolit dövrü abidələrinin, xüsusilə də Arslantəpə yaşayış yerinin tapıntıları ilə analogiya təşkil edir. Xüsusilə Qalayerinin gil qatlarından ibarət tikililərinin paralelləri Yaxın Şərq-Qafqaz regionunda yalnız Arslantəpədən məlumdur.

Yaxın Şərq ənənələrinin daha bir nümunəsi olaraq burada aşkar edilmiş uşaq qəbirlərini göstərmək olar. Bu qazıntı mövsümündə abidədə müxtəlif saxsı qablarda dəfn edilmiş beş körpə uşaq qəbri aşkar edilib.

Ümumiyyətlə, bəhs edilən dövr Yaxın Şərqdə erkən dövlətlərin yaranma ərəfəsidir. Qalayeri abidəsində məhz həmin mərhələnin bütün xüsusiyyətləri özünü göstərir. Bununla əlaqədar olaraq saxsı qabların istehsalını xüsusilə qeyd etmək lazımdır. Onların üzərində rast gəlinən dulusçu işarələri istehsal üzərində nəzarətin, cəmiyyətdəki müəyyən iyerarxik strukturun mövcudluğunu sübut edir. Bütün bunlar Qalayeri yaşayış məskəninin Azərbaycanda hələ 6 min il əvvəl sinifli cəmiyyətin ilk əlamətlərinin meydana çıxma tarixinin araşdırılmasında mühüm əhəmiyyət daşıdığını göstərir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: