Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Elmə həsr edilmiş ömür
09.12.2013 00:00
  • A-
  • A
  • A+

Elmə həsr edilmiş ömür

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun “Neft yataqlarının işlənilməsi” şöbəsinin rəhbəri AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor, SSRİ ixtiraçısı, M.İ.Qubkin adına mükafatın laureatı neft və qaz yataqlarının işlənilməsi sahəsində görkəmli alim Arif Mehdi oğlu Quliyevin 2013-cü ilin dekabr ayının 15-də anadan olmasının 80, elmi-pedaqoji fəaliyyətinin isə 55 illiyi tamam olur.

A.M.Quliyev 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA) neft-mədən fakültəsini “Neft yataqlarının istismarı” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş və bir neçə ay “Balaxanıneft” neftçıxarma idarəsində operator kimi işlədikdən sonra sentyabr ayından təyinat üzrə Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA) Neft Ekspedisiyasında elmi fəaliyyətinə başlamışdır.

İlk gündən, o, Qaradağ qazkondensatneft yatağının işlənilmə layihəsinin tərtibi, quyularının tədqiqi və işlənilmənin hidroqazodinamiki hesablama üsullarının hazırlanması ilə məşğul olmuşdur. Qeyd etmək lazımdır ki, bu tip yataq keçmiş SSRİ-də yeganə olduğundan belə yataqların işlənilməsinin layihələndirilməsi üçün hesablama üsulları mövcud deyildi. Müxtəlif variantlarda (yatağın qazlı hissəsinin qabaqlayıcı istismarı, yatağın neftli hissəsinin qabaqlayıcı istismarı və yatağın neftli və qazlı hissələrinin eyni vaxtda istismarı) belə yataqlar üçün layihə göstəricilərinin hesablama üsullarının yaradılmasında və tətbiqində A.Quliyevin böyük xidmətləri olmuşdur. Bundan sonra onun respublikanın neft-qaz sənayesi ilə əlaqəli elmi-tətbiqi fəailyyəti Cənub, Bahar, Bulla-Dəniz, Palçıq Pilpiləsi və s. yataqlarda lay parametrlərinin təyini, yataqların ehtiyatlarının hesablanması və işlənilmə layihələrinin tərtibi və s. kimi işlərdə davam etdirilmişdir.

A.M.Quliyevin elmə dərin marağı hələ tələbəlik illərindən başlamışdır. Onun tələbə ikən “Karbohidrogen qazlarının lay sularında həll olması” mövzusunda yerinə yetirdiyi elmi-tədqiqat işi və aldığı elmi nəticələr əsasında hazırladığı məruzə ilə Zaqafqaziya Ali Texniki İnstitutlarının elmi-texniki konfransında çıxışı yüksək qiymətləndirilərək SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin birinci dərəcəli diplomuna və pul mükafatına layiq görülmüşdür. Onları A.Quliyevə akademik Y.Məmmədəliyev təqdim etmişdir (“Вышка” qəzeti, 22 dekabr 1956-cı il). Bu məruzənin tezisi hələ o, tələbə ikən çap olunmuşdur (Zaqafqaziya ali məktəbləri tələbələrinin VI elmi-texniki konfransının məruzələrinin annotasiya toplusu, Yerevan-1957).

A.M.Quliyevin elmi fəaliyyəti çoxşaxəli olub, neft-qaz elminin bir çox mühüm sahələrini əhatə edir. O, neft və qaz yataqlarının işlənməsi, yeraltı hidrodinamika, lay və quyuların tədqiqatı, neft-qaz resurslarının mənimsənilməsi proseslərinin iqtisadi-riyazi modelləşdirilməsi, neft-qaz kompleksinin inkişafının proqnozlaşdırılması və optimal idarə olunması, layların neft veriminin yüksəldilməsi və hasilatın intensivləşdirilməsi elm sahələrinin fundamental və tətbiqi problemlərinin işlənilməsində əhəmiyyətli xidməti olan və aldığı nəticələrlə tanınan neftçi-alimdir.

A.M.Quliyev ilk tədqiqatlarında, yuxarıda qeyd olunduğu kimi, qazkon-densatneft yataqlarının işlənilmə layihələrinin tərtibi üzrə işlənmənin müxtəlif variantları üçün hidroqazodinamiki hesablama üsullarını yaratmış və Moskvada SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzində çoxsaylı hesablamalar aparmışdır. Aldığı nəticələrin bir qismindən istifadə edərək “Neftqaz layı hidrodinamikasının bəzi məsələləri” mövzusunda namizədlik dissertasiyası işini hazırlamış və müdafiaə etmişdir (mart,1963-cü il).

A.M.Quliyev öz həmkarları və tələbələri ilə birlikdə çoxlaylı neft və qaz yataqlarının işlənilməsi üçün təcrübədə mühüm əhəmiyyət kəsb edən hərtərəfli nəzəri və təcrübi tədqiqat işləri aparmış, çoxfazlı lay sistemlərinin hidrodinamikası sahəsində səmərəli hesablama üsulları hazırlamışdır. Onun bu sahədə aldığı elmi nəticələr laylarda neftin, qazın süzülmə və su ilə sıxışdırılma proseslərinin məqsədyönlü idarə olunmasında, yataqların işlənilməsində tənzim olunmanın müxtəlif prinsiplərinin həyata keçirilməsində və bütövlükdə yatağın neft və qaz veriminin artırılmasında mühüm əhəmiyyət kəsb edir. Aldığı analitik və eksperimental nəticələr əsasında, o, “Çoxlaylı neft və qaz yataqlarının işlənilməsinin qazohidrodinamiki hesablama üsulları” mövzusunda doktorluq dissertasiyası işini hazırlamış və Moskvada müdafiə etmişdir (mart, 1974-cü il).

Professor A.M.Quliyev lay və quyuların hidrodinamiki tədqiqinin nəzəri və təcrübi problemlərini işləmiş, layların və mayelərin süzülmə-tutum, reoloji və termodinamiki parametrlərinin təyini üçün yeni yüksək səmərəli üsullar yaratmışdır. A.M.Quliyev aldığı bu nəticələr əsasında özünün rəhbərliyi ilə hazırlanmış və SSRİ Neft və Qaz Sənaye Nazirlikləri, həmçinin “Azneft” və “Xəzərdənizneftqaz” İstehsalat Birlikləri tərəfindən təsdiq olunmuş və istehsalatda tətbiq olunan 6 “Rəhbər Sənəd”in (Təlimat, Metodik Rəhbərlik və s.) müəllifidir. O, quyunun tədqiqat nəticələrinin interpretasiyasında süzülmənin qeyri-izotermikliyinin lay parametrlərinə və mayenin fiziki xassələrinə və hasilata, quyuların sayına və yatağın işlənilmə müddətinə təsirini tədqiq etmişdir. Aldığı elmi-təcrübi nəticələr yüksək dəyərləndirilmiş və “Mürəkkəb dağ-geoloji şəraitdə çoxlaylı neft yataqlarının öyrənilməsinin kompleks geoloji-geofiziki üsullarının yaradılması və tətbiqi” işinə görə akademik İ.M.Qubkin adına mükafata layiq görülmüşdür.

1976-cı ilin sentyabr ayından 1985-ci ilin yanvar ayınadək Azərbaycan Dövlət Pedaqoji Universitetində “Texniki fənlər” kafedrasının müdiri işləmiş, təhsilin keyfiyyətini yüksəltmək məqsədilə yeni müasir tədris laboratoriya və kabinetlər yaratmış, ilk dəfə olaraq, biliyin testlə yoxlanılması sistemini tətbiq etmiş, elmi-tədqiqat laboratoriyası təşkil etmiş və tələbələri elmi-tədqiqat işinə cəlb etməklə tədrislə elmin vəhdətini yaratmışdır. Elə bu dövrdə A.M.Quliyev öz tələbələri ilə birlikdə “Ultrasəsin köməyilə neftli qumlardan neftin ayrılması”nın yeni texnologiyasını hazırlamışdır. O, SSRİ Ali və Orta İxtisas Təhsili və Maarif Nazirliklərinin texniki fənlər üzrə metodiki şuralarının üzvü kimi fəaliyyət göstərmiş, təhsildə əldə etdiyi yüksək nailiyyətlərə görə “İşdə əla müvəffəqiyyətlərinə görə” fəxri adına və medalına layiq görülmüş və SSRİ Maarif Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

A.M. Quliyev karbohidrogen resurslarının mənimsənilməsinin iqtisadi-riyazi modelləşdirilməsi, optimal proqnozlaşdırılması və idarə olunması problemlərinin həllində mühüm elmi nəticələr almışdır. Geofiziki və axtarış-kəşfiyyat işlərinin optimal həcmlərinin və onların nisbətlərinin təyininə imkan verən stoxastik optimallaşdırma modeli yaratmış, yeni və uzun müddət istismar olunan yataqlar arasında investisiyanın paylanmasının optimal idarəetmə modelini hazırlamış, karbohidrogen resurslarının mənimsənilməsi prosesində riskin qiymətləndirilməsi və idarə edilməsi üçün yeni ümumiləşdirilmiş üsul təklif etmiş, bazar iqtisadiyyatı şəraitində investisiya layihələrinin iqtisadi effektivliyini qiymətləndirməyin metodologiyasını işləmişdir ki, bunlar da, bütövlükdə, resursların mənimsənilməsinin optimal strategiyalarını müəyyən etməyə imkan verir.

A.M.Quliyev eyni zamanda layların neftverimini artıran və neft hasilatını intensivləşdirən bir sıra yüksək səmərəliliyə malik üsullar hazırlamışdır. Laya reagentləri ardıcıl vurmaqla temperaturun yüksəlməsi əsasında neftin laydan su ilə sıxışdırılmasının yeni texnologiyasını təklif etmişdir ki, bu da soyuq su ilə sıxışdırma ilə müqayisədə layın son neftvermə əmsalını xeyli yüksəldir. Həmkarları ilə birlikdə neft-mədən avadanlıqlarının parafin və asfalt-qətran çöküntülərindən təmizlənməsi yolu ilə hasilatın intensivləşdirilməsinin yeni texnologiyasını hazırlamış və onun mədən şəraitində tətbiqi göstərmişdir ki, bu üsul quyunun məhsuldarlığını yüksəltməklə bərabər, onun təmirarası müddətini kifayət qədər artırır.

A.M.Quliyev öz əməkdaşları ilə birlikdə süxurların relaksasiyalı və sürüngənli deformasiyalarını nəzərə almaqla tükənmə rejimində quyular şəbəkəsi ilə istismar olunan neft, qaz və neft-qaz yataqlarının işlənilməsinin texnoloji göstəricilərinin hesablama üsullarını yaratmışdır. Süxurların qeyri-elastiki deformasiyasının işlənilmənin texnoloji göstəricilərinə (lay təzyiqinə, neft-qaz veriminə, istismar quyularının sayına, məsaməliyə və s.-ə) təsiri qiymətləndirilmişdir. Quyudibi təzyiqin bərpası məlumatlarından istifadə etməklə bu tip yataqların süzülmə-tutum və reoloji parametrlərinin təyini üçün yeni üsullar hazırlamışdır.

Onun elmi nəticələri dəfələrlə keçmiş SSRİ EA və Azərbaycan MEA-nın hesabatlarına salınmış, dərsliklərə daxil edilmiş, həmçinin Azərbaycan yataqları ilə yanaşı, Rusiyanın və Türkmənistanın bir sıra yataqlarının da (Sotçemyu - Talyu, Qotur-təpə və b.) işlənilməsinin texnoloji sxemlərinin tərtibi və təhlili üzrə özünün iştirakı ilə aparılan işlərdə istifadə olunmuşdur.

A.M.Quliyev Almaniya, Türkiyə, İran, Rusiya və b. ölkələrdə elmi konfranslarda iştirak etmişdir. YUNOKAL şirkəti ilə birgə layihəyə əsasən ABŞ-da şirkətin əməkdaşları ilə birlikdə elmi-tədqiqat işləri aparmışdır. O, hazırda neft-qazçıxarmanın fundamental və tətbiqi problemlərinin öncül istiqamətləri üzrə tədqiqatlarını davam etdirir.

A.M.Quliyev 4 elmlər doktoru və 14 elmlər namizədi hazırlamışdır. O, 241 elmi əsərin, o cümlədən 9 monoqrafiya və kitabın, rusca-ingiliscə-azərbaycanca izahlı lüğətin, 6 təlimat və metodik rəhbərliyin, 12 ixtira və patentin müəllifidir. SSRİ ixtiraçısıdır (1981).

A.M.Quliyev keçmiş SSRİ EA “Neft və qaz yataqlarının işlənilməsi” üzrə Problem Şurasının üzvü və Azərbaycan MEA “Neftçıxarma” problemləri üzrə Elmi Şuranın sədr müavini, Azərbaycan MEA “Xəbərlər” jurnalının (Yer elmləri seriyası) baş redaktorunun müavini, bir sıra ixtisaslaşdırılmış şuraların üzvü, Azərbaycan Sovet Ensiklopediyasının elmi məsləhətçisi, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiyası Komissiyasında Yer elmləri üzrə Ekspert Şurasının sədri olmuşdur. Amerika Neftçi-mühəndislər Cəmiyyətinin və Azərbaycan Geofiziklərinin Milli Komitəsinin üzvüdür. Bir sıra medal və Fəxri Fərmanlarla təltif olunmuşdur.

Arif Quliyevin XX yüzilliyin son illərində Vətənimiz üçün ağır olan bir dövrdə “Quruçay” xeyriyyə cəmiyyətinin və “Qarabağ Uğrunda Ümumazərbaycan Hərəkatı”nın sədri kimi ictimai fəaliyyəti xüsusi qeyd edilməlidir. O, yaralı əsgərlərin və qaçqınların müalicə edilməsi, məcburi köçkünlərin yerləşdirilməsi və işlə təmin edilməsi istiqamətində işlər aparmış və onlara digər lazımi qayğı göstərilməsinin təşkilində iştirak etmişdir.

Neft-qaz elmi sahəsinin görkəmli alimini 80 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və gələcək fəaliyyətində uğurlar arzulayırıq.

AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvüFəxrəddin Qədirov

  • Paylaş: