Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Ədəbiyyat İnstitutunun yubileyi ilə əlaqədar cari məsələlər müzakirə edildi
09.12.2013 00:00
  • A-
  • A
  • A+

AMEA Ədəbiyyat İnstitutunun yubileyi ilə əlaqədar cari məsələlər müzakirə edildi

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun yaxın günlərdə keçiriləcək 80 illik yubileyi ilə əlaqədar cari məsələlər müzakirə edildi.

Tədbiri giriş sözü ilə açan institutun direktoru vəzifəsini icra edən, akademik İsa Həbibbəyli yubileylə əlaqədar AMEA Rəyasət Heyətinin qərarını xatırladaraq qarşıda duran vəzifələr barədə məlumat verdi. Bildirdi ki, 2015-ci ildə keçiriləcək AMEA-nın 70 illik yubileyi çərçivəsində Ədəbiyyat İnstitutunun salnaməsi hazırlanacaq. Bunu yubileyə töhfə kimi də dəyərləndirmək olar. Akademik AMEA-ya daima dövlət qayğısının göstərildiyini önə çəkərək diqqətə çatdırdı ki, alimlər Azərbaycan elminə öz layiqli töhfələrini verməlidir.

İ.Həbibbəyli “Azərbaycan ədəbiyyatı tarixi” çoxcildliyinin V-VII cildlərinin hazırlanma vəziyyəti və qarşıda duran vəzifələrdən danışdı. İnstitutun 80 ildə keçdiyi şərəfli yoldan bəhs edən akademik bu dövr ərzində elmi-tədqiqat müəssisəsində çalışmış, Azərbaycan ədəbiyyatşünaslıq elminə böyük töhfələr vermiş görkəmli ədəbiyyatşünas alimlərin əməyini xüsusi vurğuladı. Qeyd etdi ki, institutun çoxcəhətli fəaliyyəti, o cümlədən, tarixi, inkişaf yolu, görkəmli alimlərin fəaliyyəti barədə əsərlər yazıla bilər. Hazırda institut əməkdaşları tərəfindən Azərbaycan, rus və ingilis dillərində Tanıtma kitabı hazırlanır. Həmçinin institut həyatında xüsusi xidmətləri olan əməkdaşlar haqqında oçerk səciyyəli məqalələr yazılıb çapa hazırlanmışdır.

Akademik yubileyə qədər institutun 80 illik bir dövrünün fəaliyyətini əks etdirəcək məqalələr toplusu, biblioqrafik məlumatlar, ensiklopedik nəşrlərin yüksək səviyyədə elmi ictimaiyyətə çatdırılması istiqamətində təklif və tövsiyələrini verdi.

İnstitutun direktor müavini, AMEA-nın müxbir üzvü Teymur Kərimli nəşr işlərinin vəziyyəti haqqında məlumat verdi. Bildirdi ki, qeyd olunan nəşrlər üzərində sonuncu korrektura işləri görülür və bu günlərdə çapa hazırlanacaq.

Filologiya üzrə elmlər doktoru Asif Rüstəmli institut rəhbərliyinin tapşırığı əsasında uzun müddət arxiv materialları üzərində çalışdığını və indiyədək aşkara çıxarılmayan bir sıra arxiv sənədlərini əldə etdiyini, həmin sənədlərin nəzərdə tutulmuş kitaba salındığını bildirdi.

İnstitut əməkdaşlarından fil.ü.e.d., prof. Şirindil Alışanlı, fil.ü.e.d., prof. Alxan Bayramoğlu, fil.ü.e.d. Zaman ƏsgərliElza Rəhimova və başqaları çıxış edərək nəşr işləri ilə əlaqədar öz fikir və mülahizələrini bildirdilər.

Sonda İ.Həbibbəyli institut əməkdaşlarına yubileylə bağlı nəzərdə tutulan işlərin sürətləndirilməsi, Sankt-Peterburq, Moskva, Tbilisi arxivlərində axtarışların yubileydən sonra da davam etdirilməsi barədə tapşırıqlarını verdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: