Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Fəxrəddin Qədirovun 65 yaşı tamam olur
16.07.2015 05:50
  • A-
  • A
  • A+

Akademik Fəxrəddin Qədirovun 65 yaşı tamam olur

İyulun 19-da Azərbaycanın tanınmış geofizik alimi, görkəmli pedaqoq və elmi biliklərin tədqiqatçısı, AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirovun 65 yaşı tamam olur.

F.Qədirov 1950-ci il iyulun 19-da Şəki şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə Şəki şəhər 10 saylı orta məktəbini gümüş medalla, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirmişdir.

1984-cü ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 2002-ci ildə geologiya-mineralogiya elmləri doktoru elmi dərəcələrini, 2007-ci ildə isə geofizika ixtisası üzrə professor elmi adını almışdır. 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.

F.Qədirov əmək fəaliyyətinə fizika müəllimi kimi başlamışdır. O, 1974-cü ildə AMEA Geologiya İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu) Qravimetriya laboratoriyasına işə qəbul edilmiş, 1989-2003-cü illər ərzində Qravimetriya laboratoriyasına, 2005-2007-ci illərdə isə Geotektonika və Geodinamika şöbəsinə rəhbərlik etmişdir.

2008-ci ildən Geodinamika və Seysmologiya şöbəsinin və Yer fizikası seksiyasının rəhbəri, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının eksperti və Geofizika seminarının sədridir. Alim, eyni zamanda AMEA Geologiya və Geofizika İnstitutunun nəzdində fəaliyyət göstərən Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması Müqaviləsi Təşkilatının (CTBTO) Azərbaycan Milli Məlumat Mərkəzinin rəhbəridir.

2013-cü ildən  AMEA Rəyasət Heyətinin üzvü və Yer Elmləri Bölməsinin akademik-katibidir.

F.Qədirovun elmi fəaliyyətinin əsas istiqamətini geofiziki sahələrin ədədi analizi və məkan-zaman paylanma qanunauyğunluğunun öyrənilməsi, Qafqaz-Xəzər regionunun Yer qabığı müasir hərəkətlərinin GPS monitorinqi, müasir kinematikası, dərinlik quruluşunun modelləşdirilməsi, zəlzələlərin və qırılmaların fraktal və statistik metodlarla tədqiqi təşkil edir. Akademik Qafqaz plitəsinin mövcudluğunu və saat əqrəbinin əksi istiqamətində dönməsini və Azərbaycan ərazisinin plitə tektonikası konsepsiyasına əsaslanan yeni geodinamik modelini təklif etmişdir.

250-dən artıq elmi əsərin, o cümlədən  “Azərbaycanın qravitasiya sahəsi və dərinlik quruluşunun modeli” monoqrafiyasının müəllifi, dörd monoqrafiyanın isə həmmüəllifidir. Onun rəhbərliyi ilə geofizika üzrə 10 fəlsəfə doktoru hazırlanmışdır. O, BDU-nun geologiya fakültəsinin Seysmologiya və Yer təkinin fizikası kafedrasının professoru və AMEA-nın Geologiya və Geofizika İnstitutundakı filialının rəhbəridir.

2010-cu ildə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunmuşdur.

F.Qədirov Avropa Geoloq Alim və Mühəndislər Assosiasiyasının (EAGE), Amerika Neftçi-Geoloqlar Assosiasiyasının (AAPG), Amerika Geofizika İttifaqının (AGU)  və Azərbaycan Geofizika Cəmiyyətinin idarə heyətinin üzvüdür. O, eyni zamanda AMEA-nın “Xəbərlər” (Yer elmləri seriyası) jurnalının redaktor müavini, “Geologiya və Geofizika İnstitutunun Əsərləri”, “Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri” məcmuələrinin redaksiya heyətinin üzvü və Avropa “Geophysical Prospecting” və “Geodynamics” elmi jurnallarının rəyçi ekspertidir. 2009-cu ildən  Beynəlxalq Geodeziya və Geofizika İttifaqı (İUGG) nəzdindəki Azərbaycan Milli Geodeziya və Geofizika Komitəsinin (AMGGK) Beynəlxalq Geodeziya Assosiasiyasının rəhbəridir.

Akademik F.Qədirov dəfələrlə ABŞ və Avropada keçirilən beynəlxalq elmi konfranslarda elmi məruzələrlə çıxış etmiş, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ Milli Elm Fondunun NSF, CRDF, STCU və EAGE təşkilatlarının elmi qrantlarına layiq görülmüşdür.

Azərbaycanın geofizika sahəsində görkəmli alimini 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, ona uzun ömür, möhkəm can sağlığı, elmimizin inkişafı yolunda böyük nailiyyətlər arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: