Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Xalqımız Azərbaycanla fəxr etməyin sevincini yaşadı
07.07.2015 12:27
  • A-
  • A
  • A+

Xalqımız Azərbaycanla fəxr etməyin sevincini yaşadı

“Bakı-2015” I Avropa Oyunlarının - beynəlxalq miqyaslı möhtəşəm idman tədbirinin uğurla başa çatması, həmçinin idmançılarımızın parlaq qələbəsi münasibətilə elmi ictimaiyyət adından ölkə rəhbəri cənab İlham Əliyevi, eləcə də I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı  Mehriban xanım Əliyevanı səmimi-qəlbdən təbrik edir, vətənin uğurlarının bundan sonra da davamlı olmasını arzulayıram.

Dünya idman tarixində ilk dəfə keçirilən I Avropa Oyunlarına Azərbaycanın uğurla  evsahibliyi etməsi ilk növbədə ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun, daxili sosial-siyasi sabitliyinin və iqtisadi qüdrətinin göstəricisidir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət sayəsində ölkəmiz inkişaf edərək beynəlxalq aləmdə strateji  mövqelərini kifayət qədər  möhkəmləndirmişdir. Bir neçə il əvvəl 155 ölkənin dəstəyi ilə dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasının  üzvlüyünə seçilən Azərbaycan demokratikləşmə siyasətini həyata keçirən, qanunun aliliyinin, fundamental azadlıqların, insan hüquqlarının və daxili sabitliyin qorunduğu ölkə kimi yüksək beynəlxalq imicə malikdir. Azərbaycanın müasir tələblərə cavab verən idman infrastrukturuna malik olması, tədbirin yüksək təhlükəsizlik şəraitində, modern təşkilatçılıq prinsipləri əsasında keçirilməsi qeyd olunanları bütün dünyaya nümayiş etdirdi.    

I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilk növbədə, ölkəmizin inkişafının göstəricisidir. Bu tədbir respublikamızı dünyanın idman mərkəzlərindən birinə çevirdi. İdmanın maddi-texniki bazası kifayət qədər  gücləndirildi, paytaxtda və bölgələrdə müasir idman qurğuları inşa edildi. Şübhəsiz ki, bu tədbirlər on minlərlə yeniyetmə və gəncin idmana cəlb olunmasına təkan verəcəkdir. Bütün bunlar yeniyetmə və gənclərimizin sağlam ruhda böyüməsinə, vətənpərvər gəncliyin formalaşmasına xüsusi diqqətlə yanaşıldığını sübut edir.

Bu möhtəşəm idman tədbirinin digər mühüm əhəmiyyəti xalqımızın qədim tarixə və zəngin ənənələrə malik mədəniyyətini bütün dünyaya nümayiş etdirməsi oldu.Tədbirdə bənzərsiz Azərbaycan mədəniyyəti, musiqimiz, klassik muğam sənətimiz, müasir bəstəkarlarımızın əsərləri, ədəbiyyatımız, maddi mədəniyyət nümunələrimiz, özündə ən ali ümumbəşəri dəyərləri əks etdirən adət-ənənələrimiz bütün dünyaya modern innovativ-texnoloji üsullarla təqdim edildi. Tədbirin möhtəşəm açılış və bağlanış mərasimlərində dünyanın milyonlarla tamaşaçısına - müasir dünyaya belə bir mədəniyyət mesajı göndərildi ki,  azərbaycanlıların daşıdığı dəyərlər etnik-milli olduğu qədər də ümumbəşəridir. Bu mentalda vətəni və milləti sevməklə yanaşı, Dünyanı və İnsanı sevmək də ən ali dəyər səviyyəsində təbliğ və tərənnüm olunur.

I Avropa Oyunları ilə Azərbaycan bütün dünyaya nümunə ola biləcək yeni standart təqdim etməyə nail oldu. Həm də bu yalnız idmanla bağlı standart deyildir. Bu, bütövlükdə vahid amal naminə dövlətin və millətin həmrəyliyi, xalqla iqtidarın vəhdətinin nümunəsi idi. Bu hadisə respublikamızda ümummilli bayrama çevrilərək xalqımızın birliyinin və  həmrəyliyinin rəhninə çevrildi. Peşəsindən, sosial statusundan, siyasi görüşlərindən asılı olmayaraq bütün xalqımız vətəni və dövləti ilə fəxr etməyin sevincini yaşadı.

Akif Əlizadə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

"Azərbaycan" qəzeti 

  • Paylaş: