Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Akademik Akif Əlizadə: “AMEA Rəyasət Heyəti ən aktual elmi-innovativ məsələlərin multidistiplinar səviyyədə müzakirə olunduğu intellektual beyin mərkəzidir”
06.07.2015 13:44
  • A-
  • A
  • A+

Akademik Akif Əlizadə: “AMEA Rəyasət Heyəti ən aktual elmi-innovativ məsələlərin multidistiplinar səviyyədə müzakirə olunduğu intellektual beyin mərkəzidir”

Biz əminik ki, Naxçıvan Bölməsində yetişmiş elmi kadrlar öz bilik və bacarıqlarını Naxçıvanın bundan sonrakı sosial-iqtisadi inkişafına həsr edəcəklər.

Bu fikirləri AMEA prezidenti, akademik Akif Əlizadə AMEA Rəyasət Heyətinin Naxçıvanda keçirilən səyyar iclasında çıxışı zamanı səsləndirib. Azərbaycanın elmi potensialının böyük bir hissəsinin Naxçıvan şəhərində cəmləşdiyini deyən alim bu diyarın  həm tarixən, həm də bu gün Azərbaycanın elm və təhsil mərkəzlərindən biri olduğunu diqqətə çatdırıb.

Sonra A.Əlizadə tədbir iştirakçılarını Azərbaycanın yüksək səviyyədə ev sahibliyi ilə keçirilən "Bakı-2015" birinci Avropa Oyunlarının böyük müvəffəqiyyətlə  başa çatması münasibətilə təbrik edib.

Alim Naxçıvanın son illərdəki sürətli inkişafında ulu öndər Heydər Əliyevin dövlətçilik strategiyasını uğurla həyata keçirən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, hörmətli Vasif Talıbovun əvəzsiz xidmətləri olduğunu xüsusi qeyd edib. “Naxçıvanda elmimizin əldə etdiyi uğurlar, nailiyyətlər mühüm elmi nəticələr, bu qədim diyarın dinamik sosial-iqtisadi inkişafı, yüksək mədəni-mənəvi tərəqqisinin və burada dövlət səviyyəsində yaradılmış şəraitin məntiqi təzahürüdür” deyən akademik A.Əlizadə Naxçıvanın inkişafının həm alimlərimiz üçün böyük imkanlar açdığını, həm də onların qarşısında yeni tələblər qoyduğunu dilə gətirib. Vurğulayıb ki, regionun özünəməxsus fauna və florası yüksək səviyyədə öyrənilməli, dərman bitkiləri ilə yanaşı, onların tətbiqinə bir qədər diqqət artırılmalı, mövcud tədqiqatlar nəzərə alınmaqla biotəbabət prioritet elmi istiqamət kimi seçilməlidir.

AMEA-nın strukturu, idarəetmə və təşkilati sisteminin əsaslı olaraq təkmilləşdirildiyini deyən A.Əlizadə Rəyasət Heyətinin iş prinsipindəki dəyişikliyi  xüsusi qeyd edib: “Akademiya Rəyasət Heyəti ən aktual elmi, elmi-innovativ və elmi-təşkilati məsələlərin professional və multidistiplinar səviyyədə müzakirə olunduğu intellektual beyin mərkəzinə çevrilmişdir”.

Alimin sözlərinə görə, Azərbaycan elminin qarşısında duran əsas vəzifələrdən  biri elm və təhsilin uğurlu inteqrasiyasına nail olmaqdır. Bununla bağlı ən mühüm nailiyyətimiz isə  Akademiyada magistratura təhsilinin yaradılmasına nail olmaqdır. O, bilavasitə ölkə rəhbərliyinin dəstəyi ilə  Akademiyada magistratura təhsilinin reallığa çevrildiyini, artıq bu il ilkin olaraq 7 ixtisas üzrə magistratura təhsilinin həyata keçiriləcəyini nəzərə çatdırıb.

AMEA prezidenti elmin istehsalatla əlaqələndirilməsi və sınaqdan çıxarılması, elmi nəticələrin istehsalatda tətbiq olunması, sahibkarlıq fəaliyyəti ilə məşğul olunmasının təşkil edilməsinin hazırda Akademiya qarşısında duran vəzifələrdən olduğunu söyləyib. Qeyd edib ki, həyata keçirilən bir çox tədbirlər, o cümlədən Akademiyanın Təcrübə Sənaye Zavodunun yenidən qurulması bu istiqamətdə atılmış böyük addımlardandır.

Müasir dövrdə dünya elmində prioritet sahələrdən olan herontologiyaya xüsusi diqqət yetirilməsinin vacibliyini önə çəkən alim bu sahə ilə bağlı bir sıra statistik göstəriciləri diqqətə çatdırıb. Dünya əhalisinin yaş strukturunda 65 və daha çox yaşı olanların daxil olduğu kateqoriyanın xüsusi çəkisinin get-gedə artdığını deyib. Bildirib ki, ölkəmiz dünyanın nadir regionlarından biridir ki, burada uzunömürlülük populyasiya səviyyəsində müşahidə olunur. Ənənəvi olaraq uzunömürlülər diyarı kimi tanınan Azərbaycanda herontoloji araşdırmaların aparılması xüsusilə aktualdır.

A.Əlizadə günümüzün ən vacib tələbat və layihələrindən biri olan informasiya texnologiyalarının bölgədə tətbiqindən də söhbət açaraq AMEA-da son illərdə bu istiqamətdə fəaliyyətin xeyli genişləndiyini vurğulayıb. O, Naxçıvanda Distant Tədris Mərkəzinin fəaliyyətə başlamasını təqdirəlayiq hal kimi qiymətləndirib.

AMEA rəhbəri Naxçıvan Bölməsi institutlarının elmi-tədqiqat işlərinin planlarının bundan sonra da  Muxtar Respublikanın sosial-iqtisadi inkişafına və milli-mənəvi dəyərlərinin öyrənilməsinə yönəldilməsini tövsiyə edib. Qeyd edib ki, elmi-tədqiqat işlərinin prioritet istiqamətləri seçilərkən strateji istinad nöqtəsi “Azərbaycan 2020: Gələcəyə baxış” konsepsiyası olmalıdır. Alim Naxçıvan Bölməsində yetişmiş elmi kadrların öz bilik və bacarıqlarını Naxçıvanın bundan sonrakı sosial-iqtisadi inkişafına həsr edəcəklərinə əminliyini də ifadə edib.

Sonda A.Əlizadə Akademiyanın Rəyasət Heyəti adından tədbir iştirakçılarına fəaliyyətlərində uğurlar arzulayıb, Azərbaycan elmi ictimaiyyəti adından cənab Vasif Talıbova təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: