Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.06.2015 00:48
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun 70 illik yubileyinə həsr olunmuş səyyar elmi-praktik konfranslar keçirilib

Coğrafiya İnstitutunun 70 illik yubileyinə həsr  olunmuş səyyar elmi-praktik konfranslar keçirilib

AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun 70 illik yubileyi ilə əlaqədar Bakı-Şamaxı-İsmayıllı-Qəbələ marşrutu üzrə səyyar elmi səfər başa çatıb. 

İnstitutun direktoru, akademik Ramiz Məmmədovun təşəbbüsü ilə baş tutan səfərin məqsədi institutun 70 illik fəaliyyəti dövründə qazanılmış elmi nailiyyətlər, müasir coğrafi tədqiqat sahələri ilə region sakinlərini tanış etmək, bu elm sahəsinə olan marağı artırmaqdır.

İnstitut əməkdaşları olduqları yerlərdə öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə çiçəklər qoymuş, muzey-mərkəzini ziyarət etmişlər. 

Şamaxı şəhəri İncəsənət Təhsili Mərkəzində Şamaxı rayon fəalları, Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı rayon filialı, orta ümumtəhsil məktəbləri və kolleclərinin coğrafiya müəllimləri və tələbələrinin iştirakı ilə keçirilən ilk görüşdə rayonun icra hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova çıxış edərək coğrafiya elminin əhəmiyyətindən danışıb, institut kollektivini yubiley münasibətilə təbrik edib, uğurlar arzulayıb.

İnstitutun direktoru, akademik Ramiz Məmmədov Coğrafiya İnstitutunun yaranma tarixi, strukturu, məşğul olduğu tədqiqat sahələri, tanınmış alimləri, beynəlxalq əlaqələri, qazandığı nailiyyətlər, Xəzər dənizinin coğrafi tədqiqi və s. haqqında ətraflı məlumat verib.

Sonra instiutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə “Böyük Qafqaz və Şamaxıda təbii proseslərin inkişaf perspektivləri”, coğrafiya elmləri doktoru Zakir Eminov “Şamaxı regional rayonunun sosial-iqtisadi inkişafı” və aqrar elmlər üzrə fəlsəfə doktoru İsmayıl Quliyev “Şamaxı rayonunun torpaq örtüyünün keçmişi, bu günü və gələcək problemləri” mövzularında məruzələr ediblər. 

Səfərin ikinci günü İsmayıllı şəhərinin Heydər Əliyev Mərkəzində İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəb direktorları, təhsil müəssisələrinin coğrafiya müəllimləri və digər rayon fəallarının iştirakı ilə keçirilən görüş zamanı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov İsmayıllı rayonunun sosial-iqtisadi, demoqrafik vəziyyəti, son zamanlar qazanılmış nailiyyətləri barədə məlumat verib.

Sonra akademik R.Məmmədov Coğrafiya İnstitutunun dünəni, bu günü və sabahı haqqında məruzə ilə çıxış edib. Akademik məruzəsində AMEA-nın 60 illik yubileyində iştirak edən ümummilli lider Heydər Əliyevin “Bizim məqsədimiz Azərbaycanın qara qızıl potensialını intellektual potensiala çevirməkdir” fikrini ön plana çəkərək elmə, təhsilə qayğının ölkə rəhbərliyinin həmişə diqqət mərkəzində olduğunu vurğulayıb. R.Məmmədov Dağlıq Şirvan zonasının həmişə görkəmli alimləri, şairləri ilə fərqləndiyini qeyd edib.

Sonra Coğrafiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü E.Əlizadə, coğrafiya üzrə fəlsəfə doktorları - institutun Həmkarlar Təşkilatının sədri Habil Haqverdiyev, İqtisadi coğrafiya şöbəsinin müdiri Nəriman Paşayev, Hidrologiya şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Rəna Qaşqay çıxış edərək ali və orta təhsil tələbələri üçün coğrafiya dərsliklərinin tərtibi, İsmayıllı rayonunda qeyri-neft sektorunun inkişaf etdirilməsi, onun ümumi sosial-iqtisadi problemləri, sudan səmərəli istifadənin zəruriliyi və s. haqqında danışıblar. 

Tədbirin sonunda rayon icra başçısının müavini Sevil Əhmədova rayon rəhbərliyi adından akademik R.Məmmədova öz minnətdarlığını bildirib və bu kimi tədbirlərin mütəmadi keçirilməsini məqsədəuyğun hesab edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: