Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Rauf Hüseynovun 75 yaşı tamam olur
11.06.2015 07:47
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Rauf Hüseynovun 75 yaşı tamam olur

İyunun 12-də tanınmış riyazıyyatçı alim, Riyaziyyat və Mexanika İnstitutunun Riyazi fizika tənlikləri şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Rauf Hüseynovun 75 yaşı tamam olur.

Rauf Hüseynov 1940-cı il iyun ayının 12-də Göyçay şəhərində anadan olmuşdur. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirmişdir.

1990-2002-ci illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi, aparıcı elmi işçi, Funksional analiz şöbəsinin müdiri, baş elmi işçi vəzifələrində, 2002-2005-ci illərdə Türkiyə Respublikasının Afyon şəhərinin Kocatepe Universitetində professor, 2006-cı ildə Milli Aviasiya Akademiyasında professor vəzifəsində çalışmış, 2007-ci ildən isə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Riyazi fizika tənlikləri şöbəsinin müdiridir.

2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

Rauf Hüseynov inteqral və ölçü nəzəriyyəsi, xüsusi törəməli diferensial tənliklər sahəsində bir sıra mühüm nəticələrin müəllifidir. Onun tərəfindən Qauss ölçülü xətti fəzalarda təyin olunmuş, funksionalların Furye tipli çevirmələrinə aid mühüm nəticələr alınmış və bu cür çevirmələrin xassələri öyrənilmişdir. Kvant fizikası məsələlərində meydana gələn variasiya törəməli diferensial tənliklərin həlli üçün bu çevirmə alim tərəfindən tətbiq olunmuşdur.

Xüsusi törəməli tənliklər sahəsində Rauf Hüseynov tərəfindən kvazielliptik tənliklər üçün sərhəd məsələləri sistemli öyrənilmişdir. Bu məsələnin öyrənilməsi üçün onun tərəfindən anizotrop Sobolev fəzalarında Hardi tip və Puankare tip bərabərsizliklərin nəzəriyyəsi inkişaf etdirilmişdir. Bu da geniş sinif kvazielliptik məsələlərin həll olunmasına əhəmiyyətli yardım etmişdir.

Alim 51 elmi əsərin müəllifidir. Onun rəhbərliyi altında 2 elmlər doktoru və 1 fəlsəfə doktoru hazırlanmışdır.

Azərbaycanın görkəmli riyaziyyatçı alimini 75 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, ona uzun ömür, möhkəm can sağlığı, elmimizin inkişafı yolunda böyük nailiyyətlər arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: