www.science.az
10.06.2015 05:21

AMEA Naxçıvan Bölməsində Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib

Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəldiyi 1993-cü il iyun ayının 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Həmin tarixdən etibarən dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas olub, ölkəmiz inkişaf, tərəqqi, yüksəliş yoluna qədəm qoyub.

Bu fikirlər AMEA Naxçıvan Bölməsində Heydər Əliyev lektoriyasının 15 İyun- Milli Qurtuluş Gününə həsr olunan 66-cı məşğələsində səsləndirilib.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxışında bildirib ki, 1991-ci ildə dövlət müstəqilliyini elan edən Azərbaycan ağır problemlər burulğanına yuvarlanmışdı. Artıq 1993-cü ilin yazında ölkədaxilində vəziyyət böhran həddinə çatmışdı. Azərbaycan torpaqlarının bir hissəsi ermənilər tərəfindən işğal olunmuş, yüz minlərlə yurddaşımız öz doğma ocaqlarından qaçqın, köçkün vəziyyətinə düşmüşdü. Belə bir vaxtda xalq yeganə düzgün yolu seçdi – dünya şöhrətli siyasi xadim Heydər Əliyevi təkidlə ölkə rəhbərliyinə dəvət etdi.

“1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə görkəmli dövlət xadimi Heydər Əliyev Bakıya getdi. On minlərlə insan Bakı hava limanına axışaraq öz müdrik xilaskarını qarşıladı. 1993-cü il iyunun 15-də xalqın qətiyyətli istəyi gerçəkləşdi: ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinə Sədr seçildi”, -deyən İsmayıl Hacıyev qeyd edib ki, 1993-cü il oktyabrın 3-də xalqın böyük dəstəyi ilə prezident seçilən görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi on il müddətində son dərəcə böyük işlər görüb. Vurğulanıb ki, ulu öndərin milli maraqlara əsaslanan çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda ölkəmizin hərtərəfli və sürətli inkişafı, baş verən əsaslı dəyişikliklər, xarici siyasətimizdəki uğurlar, insanların rahatlığı naminə həyata keçirilən qlobal layihələr Azərbaycanın qüdrətli dövlət olduğunu təsdiq edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir