AMEA-nın Mikrobiologiya İnstitutunun Ekoloji mikrobiologiya laboratoriyasının müdiri, Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, professor Nəriman İsmayılov və rusiyalı alimlər - Yuri Pikovski, Marina Doroxovanın birgə yazdıqları “Neft-qaz geoekologiyasının əsasları” adlı kitab çapdan çıxıb.
Nəşrdə neft-qaz ekologiyasının əsasları barədə ətraflı məlumat yer alıb. Kitabın I hissəsi karbohidrogen tərkibli maddələrin - karbon qazı, neft məhsulları və toksiki geokimyəvi maddələrin, həmçinin biosferdəki karbohidrogen tərkibli maddələrin təbii və texnogen mənbələrinin tərkibi, xüsusiyyətləri, toksiki hissələrinin öyrənilməsinə həsr olunub.
II hissədə isə atmosferdə, torpaqda, bitki örtüyündə, səth və qrunt sularında, dəniz mühitində neft-qaz sənayesinin təsiri altında baş verən dəyişikliklər analiz edilib. Kitabın III hissəsində neft və neft məhsulları ilə çirklənmış torpaqların və su ekosistemlərinin özünü bərpaedici prosesləri müzakirə olunur. Sonuncu hissədə isə ətraf mühitin mühafizəsinin əsas metodlarından bəhs olunur.
Materiallar müəlliflərin çoxillik tədqiqatları və müasir elmi mənbələrə əsaslanıb.
Kitab ali məktəb tələbələri, neft-qaz sahəsində fəaliyyət göstərən mütəxəssislər, həmçinin ətraf mühitdə və cəmiyyətdə neft və qazın ekoloji əhəmiyyəti ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzədə tutulub.
Kitabın elektron variantı ilə www.znanium.com saytında tanış olmaq olar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir