www.science.az
08.06.2015 08:59

“Azərbaycanın tarixi – memarlıq irsi gənclərin gözü ilə” rəsm müsabiqəsinin qalibləri elan olunub

İyunun 6-da Bakı Biznes Mərkəzində “Azərbaycanın tarixi – memarlıq irsi gənclərin gözü ilə” rəsm müsabiqəsinin final mərhələsi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyə dəstəyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Xəzər Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Gazelli Group kompaniyası, Bakı Biznes Mərkəzi və İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə  baş tutan layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında milli mədəni irsimizin təbliği idi.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova, Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı, Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağaəli İbrahimov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası kafedra müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova, Gazelli Group kompaniyasının ümumi məsələlər üzrə prezident köməkçisi Gülarə Əliyeva, rəssam-heykəltəraş Fərman Qasımov,  Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Ramin Cəfərov qalibləri müəyyən etmək üçün yaradılmış münsiflər heyətinin üzvü olublar. Münsiflər heyətinin üzvləri öz çıxışlarında tədbirin milli-mənəvi dəyərlərin qorunması kontekstində əhəmiyyətindən, gənc rəssamların tədqirəlayiq fəaliyyətindən söz açıblar.

Tədbirin sonunda rəsm müsabiqəsinin qalibləri elan edilib. Qaliblər layihənin sponsoru olan Gazelli Group şirkəti tərəfindən qiymətli hədiyyələrlə və Arxeologiya və Etnoqrafiya İnstitutunun diplomları ilə mükafatlandırılıblar.

Münsiflər heyətinin qərarına əsasən, Lamiyə Müslimova“Şirvanşahlar sarayı” rəsm əsəri ilə III, Zöhrə Saatova “İçərişəhər” adlı rəsmi ilə II, Aytac Hafizova isə “Azərbaycan” adlı rəsm əsəri ilə I yerə layiq görülüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir