www.science.az
08.06.2015 03:21

“Nature Publishing Group”un nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasında olub

AMEA prezidenti, akademik Akif Əlizadə “Nature Publishing Group”un (NPG) Orta Şərq ölkələri üzrə rəhbəri Con Giuliani və qurumun satış təmsilçisi Elizabet Detisova ilə görüşüb. AMEA-nın rəhbəri qonaqlara akademiyanın tarixi, fəaliyyət istiqamətləri, əldə etdiyi nailiyyətlər barədə məlumat verib.

Gələcək əməkdaşlığın perspektivlərindən danışan akademik A.Əlizadə NPG-nin istehsalı olan məhsulların və ən son elmi nailiyyətlərə dair nəşrlərin alimlərimiz üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

Qonaqlar səmimi görüşə görə təşəkkürlərini bildirib, NPG-nin tarixi və bugünkü fəaliyyəti barədə AMEA-nın rəhbərinə məlumat veriblər. Qeyd edilib ki, 1869-cu ildə yaradılan şirkətin dünyanın ən reytinqli jurnallarından olan “Nature”, “Scientific American” və başqa bu kimi populyar nəşrləri var. Təkcə “Nature” jurnalının veb səhifəsini ayda 6 milyon istifadəçi ziyarət edir. C.Giuliani və E.Detisova şirkətin əsas məhsulları, onların məzmun və əhəmiyyətindən danışıblar.

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, Beynəlxalq əlaqələr idarəsinin rəisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayevİctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyevin də işdirak etdiyi görüşdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi müzakirə olunub.

Nümayəndə heyəti AMEA-nın rəhbərini bu ilin oktyabrında Böyük Britaniyaya səfərə dəvət edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir