www.science.az
05.06.2015 10:05

Beynəlxalq simpoziumun iştirakçıları AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olublar

İyunun 1-də AMEA, Türkiyənin Pamukkale Universiteti, Belarus Dövlət Universiteti, Al-Farabi Qazaxıstan Milli Universiteti, Qazaxıstan Bitki Biologiya və Biotexnologiya İnstitutu, Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin Elm Komitəsi və Rusiya Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə öz işinə başlayan “Avrasiyada Biomüxtəliflik” mövzusunda beynəlxalq simpoziumun  iştirakçıları  AMEA-da yeni yaradılmış  Molekulyar Biologiya və Biotexnologiyalar  İnstitutunda  olublar.

Qonaqlar institutda fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazası, burada aparılan elmi-tədqiqat işləri, bu elmi müəssisənin kitabxanası,  nəşr olunmuş elmi əsərləri və digər infrastrukturu  ilə yaxından tanış olublar.

İnstitutun direktoru, akademik İradə Hüseynova bu müəssisənin akademik Cəlal Əliyevin rəhbərlik etdiyi Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsi əsasında yaradıldığını bildirib. Burada fotosintez və fototənəffüs prosesinin tədqiqi sahəsində aparılan tədqiqatlardan söz açan institut direktoru hələ keçən əsrin 70-ci illərində akademik Cəlal Əliyev tərəfindən əsası qoyulan biologiya elminin müasir istiqamətləri barədə məlumat verib, bu sahədə əldə olunan nailiyyətləri qonaqların diqqətinə çatdırıb. Görüşdə, həmçinin institutda fəaliyyət göstərən laboratoriyaların  əsas elmi-tədqiqat istiqamətləri barədə ətraflı məlumat verilib, birgə əməkdaşlıq imkanları müzakirə edilib.

Qonaqlar gələcəkdə  bu institutla birgə əməkdaşlıq etmək arzusunda olduqlarını bildiriblər.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir