www.science.az
04.06.2015 08:57

AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin 60 yaşı tamam olur

İyunun 5-də görkəmli tarixçi alim, Naxçıvan Bölməsinin Tarix, Etnoqra­fiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin  60 yaşı ta­mam olur.

Vəli Baxşəliyev 1955-ci il iyun ayının 5-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Böyükdüz kəndində anadan olmuşdur. 1977-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini bitirmiş, 1986-cı ildə namizədlik, 2005-ci ildə  dok­tor­­luq dissertasiyalarını mü­dafiə et­mişdir. 2007-ci ildə   AMEA-nın müx­­bir üzvü seçil­miş­dir.

1977-ci ildə İmişli rayonunun Qaralar kənd orta məktəbində əmək fəaliyyətinə başlayan Vəli Baxşəliyev 1986-cı ildə Naxçıvan Regional Elm Mərkəzində kiçik elmi işçi, aparıcı elmi işçi, 1993-cü ildə Naxçıvan Regional Elm Mərkəzinin elmi katibi, 2003-cü ildə isə Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi vəzifələrində çalışmışdır. Hazırda bölmənin Tarix, Etnoqra­fiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologi­yası şöbəsinin müdiridir.

Vəli Baxşəliyev “AMEA-nın Naxçıvan Bölməsinin Xəbərləri” nin (ictimai elmlər seriyası) məsul katibi və redaksiya heyətinin üzvüdür. Eləcə də “Tarix insan və cəmiyyət” jurnalının redaksiya heyət­lərinin üzvüdür.

Alim Azər­bay­­canın tarixi və arxeologiyası sahəsində 300-ə yaxın əsərin, o cümlədən 30 mo­noqra­fiya və kitabın müəl­­­­lifidir. Onun tarixə və arxeologiya elminə həsr olunmuş “Azərbaycan arxeologiyası”, “Naxçıvanın arxeoloji abidələri”, “Naxçıvan arxeologiyası”, “Qədim Ordubad” kitabları el­­mi icti­maiy­­yətin rəğbətini qa­zanmışdır.  

Vəli Baxşəliyevin ABŞ, Türkiyə, Almaniya, Rusiya, İtaliya, İranda 5 monoqra­fi­ya və 45-dən artıq məqaləsi, o cümlədən impakt faktor jurnallarda 18 məqaləsi nəşr olunmuşdur.

Görkəmli alimin elmi əsərləri əsasən Cənubi Qafqaz, Yaxın Şərq və Azərbaycanın arxeologiyasına aid mühüm problemlərə həsr olunmuşdur.

Vəli Baxşəliyev respublikanın müxtəlif rayonlarındakı qədim abidələri tədqiq edən arxeoloji ekspedisiyaların rəhbəri, iştirakçısı və əsas təşkilatçı­larından olmuşdur. O, 1988-1995-ci illərdə Naxçıvan Muxtar Respublikası ərazisində olan arxeoloji abidələrin qeydə alınması ilə bağlı araşdırmalar aparmış, aşkar olunan abidələri  “Şahbuz bölgəsinin arxeoloji abidələri”, “Culfa bölgəsinin arxeoloji abidələri”, “Şərurun arxeoloji abidələri”, “Naxçıvan şəhərinin və Babək rayonunun arxeoloji abidələri” adlı monoqrafiyalarda çap etdirmişdir. Elmi fəaliyyəti dövründə I Kültəpə, Ovçulartəpəsi, II Kültəpə, Oğlanqala, Şaxtaxtı, Maxta Kültəpəsi, Çalxanqala, Qazançıqala və yüzlərlə digər abidələrin tədqiqində iştirak etmişdir.

2014-cü ildə Prezident İlham Əliyevin Fərmanı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Azərbaycanın tarix və arxeologiya sahəsində tanınmış görkəmli alimini 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, ona uzun ömür, möhkəm can sağlığı, elmimizin inkişafı yolunda böyük nailiyyətlər arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir