Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Tarix problemləri  üzrə Elmi Şuranın növbəti iclası keçirilib
03.06.2015 14:57
  • A-
  • A
  • A+

Tarix problemləri üzrə Elmi Şuranın növbəti iclası keçirilib

AMEA Ədəbiyyat İnstitutunun Elektron akt zalında Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Tarix problemləri  üzrə Elmi Şurasının növbəti iclası keçirilib.

İclasa sədrlik edən AMEA-nın müxbir üzvü Şahin Mustafayev şuranın fəaliyyət göstərdiyi müddətdə görülən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, şuranın ilk iclası 2015-ci il 27 fevral tarixində keçirilmişdir. İlk iclasda 24 dissertasiya mövzusu  şuraya təqdim edilmiş,  onlardan 20-si  şurada təsdiq olunmuşdur. İkinci iclasda təqdim edilən 22 dissertasiyadan 14-ü təsdiq olunmuşdur. May ayının 1-də keçirilmiş üçüncü iclasda isə 21 dissertasiyadan 15-i şurada təsdiq edilmişdir. Bugünkü iclasa 23 mövzunun təqdim edildiyini söyləyən Ş.Mustafayev bildirib ki, şurada qısa müddət ərzində ümumilikdə 90 dissertasiya mövzusu müzakirə edilmişdir. Həmçinin şurada dörd tarixçi alimin – AMEA-nın müxbir üzvləri İlyas Babayev, Nərgiz Axundova, t.ü.e.d. Şahin Fərzəliyev və t.ü.f.d. R.Məlikovun tədqiq etdiyi dövrlər üzrə məruzələri dinlənilib.

Daha sonra t.ü.e.d. Tofiq Mustafazadənin məruzəsi dinlənilib. Məruzədə XVIII əsr Azərbaycan tarixi,  Səfəvi dövlətinin dağılması, Azərbaycanda xanlıqlar dövrü, həmin dövrü tədqiq edən alimlər və onların əsərləri haqda ətraflı məlumat verilib. Məruzəçi 55 kitabın, 47 dissertasiya mövzusunun Azərbaycan xanlıqlarına həsr olunduğunu qeyd edib. T.Mustafazadə bu sahədə mövcud problemlərə də toxunaraq bilidirib ki, bu gün gənc tədqiqatçıların əksəriyyətinin dil problemi (ərəb, fars) olduğundan istifadə etdiyi mənbə bazaları bəsitdir.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb.

İclasda, həmçinin arxeologiya, etnoqrafiya və etnologiya, vətən tarixi, ümumi tarix, tarixşünaslıq və mənbəşünaslıq, beynəlxalq münasibətlər və s. ixtisaslar üzrə təqdim olunmuş dissertasiya mövzuları ətrafında müzakirələr aparılıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

 

  • Paylaş: