Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Seyfəddin Əliyevin  85 yaşı tamam olur
29.05.2015 09:14
  • A-
  • A
  • A+

Akademik Seyfəddin Əliyevin 85 yaşı tamam olur

Mayın 30-da respublikada zoologiya sahəsində görkəmli alim, AMEA-nın Zoologiya İnstitutunun Entomologiya şöbəsinin müdiri, akademik Seyfəddin Əliyevin anadan olmasının 85, elmi fəaliyyətinin 60 ili tamam olur.

Akademik Seyfəddin Əliyev 1930-cu il may ayının 30-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur. 1951-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirdikdən sonra AMEA-nın Zoologiya İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır. 1961-ci ildə namizədlik, 1977-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir.

2001-ci ildə “Zoologiya” ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.

Akademik Seyfəddin Əliyev zoologiya sahəsində xüsusi xidmətləri ilə respublikada tanınmış alimlərdəndir. O, Azərbaycanda 716 kəpənək sovka növünün yayıldığını aşkar etmiş, onlardan 390 növü respublika faunası, 145 növü Zaqafqaziya, 67 növü isə keçmiş SSRİ ərazisi üçün yeni olmuşdur. Alim ilk dəfə bu növlərin Azərbaycanda ekoloji-faunistik icmalını, onların şaquli istiqamətdə, zonalar, ekoloji qruplar üzrə yayılmasını öyrənmiş, zərərli növlərin bioekoloji xüsusiyyətlərini tədqiq etmiş, onlara qarşı mübarizənin elmi əsaslarını işləyib hazırlamış, ilk dəfə olaraq 61 növ sovkanın kənd təsərrüfatı bitkilərinə zərər vurduğunu müəyyənləşdirmişdir.

168 elmi əsərin, o cümlədən 3 monoqrafiya, 4 kitab, 3 elmi-kütləvi kitabçanın, orta məktəb şagirdləri üçün “Zoologiya” dərsliyinin müəllifidir. Onun rəhbərliyi altında 3 elmlər doktoru və 8 elmlər namizədi dissertasiya müdafıə etmişdir.

Görkəmli elm mücahidini 85 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, Ulu Tanrıdan ona uzun ömür, möhkəm can sağlığı, Azərbaycan elminin inkişafı yolunda yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: