www.science.az
20.05.2015 05:15

Akademik Kamal Abdullayevə Təbrizdə “Elmi fəaliyyətə görə” mükafatı təqdim edilib

Mayın 19-da İran İslam Respublikasının Təbriz şəhərində Qafqaz Universitetləri Birliyinin (KUNİB) V konqresi keçirilib.

Konqresdə Azərbaycan, Türkiyə, Gürcüstan, Kipr və İranda fəaliyyət göstərən universitetlərin rektorları və digər nüfuzlu elm ocaqlarının rəhbərləri, alimlər, elmi tədqiqatçılar iştirak ediblər.

Tədbir çərçivəsində KUNİB-in mükafatının təqdimetmə mərasimi olub. Birliyin sədri, Türkiyənin Ərdahan Universitetinin rektoru Ramazan Korkmaz Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin elmi fəaliyyəti, yazdıqları əsərlərin əhəmiyyətindən danışıb. Bildirib ki, onun elmi tədqiqatları və monoqrafiyaları xalqların mədəniyyətlərinin öyrənilməsinə həsr edilib. Bu əsərlərin təbliği istənilən cəmiyyətdə multikulturalizmin inkişafına təkan verir və xalqların bir-birinə qarşı tolerant münasibətdə olmasının vacibliyini vurğulayır.

R.Korkmaz KUNİB-in “Elmi fəaliyyətə görə” mükafatını Kamal Abdullayevə təqdim edib.

Mükafata görə təşəkkürünü bildirən K.Abdullayev Azərbaycan Prezidentinin salamlarını konqres iştirakçılarına çatdırıb. Bildirib ki, xalqların birlik, bərabərlik və mehribanlıq şəraitində yaşamasını təbliğ etmək hər bir elm adamının borcudur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir