www.science.az
18.05.2015 04:07

Akademik Rasim Əliquliyev Avstriya Elmlər Akademiyasının illik ümumi yığıncağında iştirak edib

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev mayın 8-də Vyanada keçirilən Avstriya Elmlər Akademiyasının illik ümumi yığıncağında iştirak edib.

1945-ci ildən etibarən 8 may tarixində qeyd olunan Avstriyanın azadlıq gününə həsr olunmuş tədbirdə Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer, Avstriya Elmlər Akademiyasının prezidenti Anton Zeylinger, vitse-kansler və federal nazir Reynhold Mitterlehner, professor Gerhard Kasper çıxış ediblər. Yığıncaqda müxtəlif ölkələrin aparıcı alim və mütəxəssisləri, dövlət rəsmiləri iştirak ediblər.

Qeyd edək ki, Avstriya Elmlər Akademiyasının yaradılması təklifi 1713-ci ildə alman filosofu Qotfrid Leybnits tərəfindən irəli sürülmüşdür. Elmlər Akademiyası 1847-ci il 14 may tarixində Vyanada təsis edilmişdir. Təşkilat 1947-ci ildə Avstriya Elmlər Akademiyası adlandırılmışdır. Hazırda akademiyanın nəzdində 29 elmi-tədqiqat institutu fəaliyyət göstərir. 770 üzvü və bütün elmi sahələr üzrə əsaslı tədqiqatlar aparan 1300 elmi işçisi vardır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir