www.science.az
15.05.2015 09:29

Rusiyalı botaniklərlə müştərək tədqiqatlar davam etdirilir

Rusiya Elmlər Akademiyasının Vladivostok (Uzaq Şərq) Botanika Bağı-İnstitutunun laboratoriya müdiri Yevgeniy Boltenkov və Dağıstan Respublikasının Dağüstü Botanika bağının laboratoriya müdiri Ramazan Murtazaliyev AMEA Botanika İnstitutunda olublar.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadənin iştirakı ilə keçirilən görüşdə qonaqlar bildiriblər ki, səfərlərinin əsas məqsədi Böyük Qafqazın bəzi ərazisində ilkin yaz florasının və  rast gəlinən İris növlərinin öyrənilməsidir.

Görüş zamanı institutun əldə etdiyi yeni uğurlu nəticələrlə yaxından tanış olan qonaqlar Botanika İnstitutunun Herbari laboratoriyasında təyinat işləri aparıb və İris cinsinə aid 32 tip nümunəsi müəyyən ediblər.

Y.Boltenkov, R.Murtazaliyev və institutun Ali bitkilərin sistematikası şöbəsinin müdiri, b.ü.f.d Vüqar Kərimov Azərbaycanın şimal-şərq rayonlarında, xüsusilə, Beşbarmaq dağı, Xızı, Altıağac, Quba, Qusar və Xaçmaz ərazilərində müştərək ekspedisiyada olublar. Aparılan tədqiqatlar zamanı Allium cinsindən Azərbaycan üçün yeni bir növ Böyük Qafqazın şərqi və Quba geobotaniki rayonlarının florası üçün Gagea, Orchis, Coridalis və Linaria cinslərindən olan bir neçə növün yeni arealları müəyyənləşdirilib. Toplanılmış 60-dan çox bitki növünə aid 100-ə qədər herbari nüsxəsi Botanika İnstitutunun Herbari Fonduna təhvil verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir