Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

14.05.2015 08:42
  • A-
  • A
  • A+

AMEA-da Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun nümayəndə heyəti ilə görüş keçirilib

AMEA-da Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 13-də AMEA Rəyasət Heyətində Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşün məqsədi birgə tədqiqatlar aparmaq üçün BNTİ-yə uzunmüddətli ezam olunacaq namizədlərlə müsahibə aparmaq və onlar arasında seçim etmək, həmçinin nüvə fizikası sahəsində əməkdaşlığı inkişaf etdirmək və gələcəkdə birgə görüləcək işlərin perspektivlərini dəqiqləşdirmək idi.

Görüşdə Rusiya tərəfindən işçi qrupun rəhbəri və BNTİ-nin elmi katibi Nikolay Rusakoviç, beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Dmitri Kamanin, İnformasiya Texnologiyaları laboratoriyasının direktoru Vladimir Korenkov, Elmi Texniki Mərkəzinin direktoru Stanislav Pakulyak, Azərbaycan tərəfindən isə ATLAS layihəsində Azərbaycanı BNTİ-də təmsil edən qrupun rəhbəri Namiq Cavadov, Fizika İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü Övsat Abdinov, Nüvə Tədqiqatları Mərkəzinin rəhbəri, akademik Adil Qəribov və digər alimlər iştirak ediblər.

AMEA prezidenti, akademik Akif Əlizadə rəhbərlik etdiyi qurum ilə BNTİ arasında əməkdaşlıq əlaqələrindən danışıb. Nüvə fizikası sahəsində BNTİ-nin təcrübəsinin azərbaycanlı alimlər üçün maraqlı olduğunu söyləyən AMEA-nın rəhbəri ikitərəfli əməkdaşlığın bundan sonra da səmərəli olacağına əminliyini ifadə edib.

Nikolay Rusakoviç BNTİ və onun yerləşdiyi Rusiyanın Dubna şəhəri haqqında, institutun strukturu, iş prinsipi və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Digər çıxış edənlər də əməkdaşlıq perspektivləri haqqında öz fikirlərini bildiriblər.

Sonra BNTİ ilə AMEA arasında protokol imzalanıb. Sənəddə 2016-cı ildən başlayaraq BNTİ tərəfindən keçirilən beynəlxalq treninqlərə göndərilən bakalavr, magistr və doktorantların sayını artırmaq, AMEA-nın 70 illiyi və BNTİ-nin 60 illiyi ilə əlaqədar birgə tədbirlər planı hazırlamaq və sərgi keçirmək, bu ildən başlayaraq BTNİ və akademiyanın elmi müəssisələrinin müştərək layihələri üzrə müsabiqələr təşkil etmək və digər məsələlər öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

 

  • Paylaş: