Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Dilçilik İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib
08.05.2015 12:40
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib

Mayın 8-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib.

İnstitutun direktoru,  akademik Tofiq Hacıyev ilk olaraq ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb.  Bildirib ki, respublikada demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində qazanılan böyük nailiyyətlər məhz dahi rəhbər Heydər Əliyevin adı ilə bağlıdır.

Təbii ki, bu istiqamətdəki fəaliyyətində ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirib. Ana dili xalqın milli sərvəti, onun varlığının təsdiqidir. Dil millətin formalaşmasında vacib olan amillərdən biridir. Xalqın keçdiyi tarixi yol,  mədəni səviyyəsi, ilk növbədə, onun dilində öz əksini tapır.

T.Hacıyev qeyd edib ki, 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbiq edildi. Konstitusiyanın qəbulu ərəfəsində dövlət dilinin adı ilə bağlı keçirilən müzakirələr Azərbaycan dilinin nüfuzunun artırılmasına geniş təsir etdi.

2001-ci il 18 iyun tarixində  dahi liderin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı isə yalnız cari bir sənəd deyil, xüsusi tarixi əhəmiyyət daşıyan böyük siyasi hadisə idi. Məhz  Heydər Əliyevin yürütdüyü dil siyasətinin nəticəsində bütün dövlət və qeyri-hökumət təşkilatlarında, indiyə qədər Azərbaycan dilindən istifadə etməmiş qurumlarda dövlət dili bərqərar edildi. Eləcə də, latın qrafikasına keçid prosesi başa çatdırıldı. Beləliklə, 1 avqust tarixi hər il Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.

30 sentyabr 2002-ci ildə isə ulu öndər Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun təsdiq olundu. Bu qanun  ölkə Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.

Akademik bildirib ki, Azərbaycan  dilinin dövlət dili kimi tətbiqində, onun imkanlarının genişləndirilməsi və Azərbaycan xalqının ən böyük milli sərvəti kimi dəyərləndirilməsində Heydər Əliyev şəxsiyyətinin rolu danılmazdır.

Sonra çıxış edən professorlar İsmayıl Məmmədov, Sevil MehdiyevaQulu Məhərrəmli bildiriblər ki, Azərbaycan dilinin inkişafı istiqamətində Heydər Əliyevin yürütdüyü siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyevin dil siyasəti, onun dilimizin inkişafı istiqamətində göstərdiyi tarixi xidmətlər əsl məktəbdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

 

  • Paylaş: