Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının simpoziumu öz işinə başladı
12.03.2015 00:00
  • A-
  • A
  • A+

“Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının simpoziumu öz işinə başladı

Martın 12-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının simpoziumu öz işinə başladı.

Ənənəvi olaraq keçirilən “Muğam aləmi” IV Beynəlxalq Muğam simpoziumu Heydər Əliyev Fondu, AR Mədəniyyət və Turizm və Təhsil nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası, ABİ və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı və dəstəyi ilə həyata keçirilir.

Dövlət və hökumət rəsmilərinin, mədəniyyət, incəsənət və ictimaiyyət xadimlərinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan ABİ-nin sədri, Xalq Artisti, professorFirəngiz Əlizadə artıq ənənəvi olaraq iki ildən bir ölkəmizdə keçirilən beynəlxalq muğam festivalının böyük maraq doğurduğunu və bu tədbirin milli musiqi irsimizin təbliğindəki mühüm rolunu diqqətə çatdırdı.

Bildirildi ki, “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı mədəniyyətin, incəsənətin, musiqinin, ən əsası muğamın bayramına çevrilmiş, ayrı-ayrı xalqların nümayəndələrini bir araya gətirmək baxımından özünü misilsiz bir tədbir kimi təsdiq etmiş, xalqların daha da yaxınlaşmasına mühüm bir töhfə olmuşdur. Festival indiyədək bu istiqamətdə mühüm tədbirlər həyata keçirən Heydər Əliyev Fondunun muğamın qorunub saxlanması, gələcək nəsillərə çatdırılması sahəsində atdığı daha bir böyük addımdır. Bu festival bütün türk dünyasına xas olan muğamın tacının da Azərbaycanda olduğunu sübut etmişdir.

IV Beynəlxalq “Muğam aləmi” simpoziumunun böyük maraq doğuracağını söyləyən F.Əlizadə burada alimlərlə yanaşı, ifaçıların da çıxışlarının dinləniləcəyini qeyd etdi.

Muğamın xalqımızın mənəvi dünyasının, milli ruhunun əsas ifadə vasitələrindən biri olduğunu söyləyən AR Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev bildirdi ki, muğam keçmişlə bu gün arasında, Azərbaycan ilə dünya xalqlarının mədəniyyəti arasında mənəvi körpüdür.

Ə.Qarayev qeyd etdi ki, muğam sənətinin müxtəlif mədəniyyətlər arasında dialoq musiqisi kimi təbliğində, Azərbaycan xalqının mənəvi irsi kimi qorunmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın əvəzsiz rolu vardır. Məhz onun fəaliyyətinin nəticəsi olaraq artıq dördüncü dəfədir ki, ölkəmizdə “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı keçirilir: “Bu tədbir dünya miqyasında muğam ifaçılarının, muğamsevərlərin və xüsusilə bu musiqiyə həyatını həsr etmiş elm adamlarının, ekspertlərin şəbəkəsini formalaşdıra bilmişdir”.

 

Məhəbbətin və gözəlliyin rəmzi olan muğamın hər bir insanın qəlbində xüsusi yer tutduğunu söyləyən AMEA prezidenti, akademik Akif Əlizadə muğamın multidisplinar tədqiqat obyekti xarakteri daşıdığını qeyd etdi. O, son neçə il ərzində Azərbaycan muğamının təbliği və tədqiqi istiqamətində ölkəmizdə bir sıra mühüm işlərin görüldüyünü, nəşrlərin gerçəkləşdirildiyini nəzərə çatdırdı.

 

Muğamın incəliklərindən, bu sahədə aparılan tədqiqatlardan danışan akademik vurğuladı ki, 2013-cü ildə Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində AMEA Əlyazmalar İnstitutu tərəfindən “Muğam haqqında əlyazmalar toplusu” nəşr edilmişdir. 3 kitabdan ibarət topluya yeddi əsər daxil edilmişdir. 1-ci kitab “Behcətür-ruh”, 2-ci kitab “Musiqi haqqında risalələr”, 3-cü kitab isə “Muğam üstündə oxunan şeirlər” adlanır.

Diqqətə çatdırıldı ki, hələ 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən nəşr olunan “Muğam ensiklopediyası” ölkəmizdə böyük rəğbətlə qarşılanmışdır. “Ensiklopediya azerbaydjanskoqo muqama” kitabının nəşri isə rusdilli oxucuların yüksək muğam mədəniyyəti haqqında dolğun məlumat almaları baxımından çox faydalıdır. Ensiklopediyanın redaksiya kollegiyasının sədri Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadır.

Akademik qeyd etdi ki, Azərbaycan xalqının musiqiyə, xüsusilə muğama olan sevgisi bütün dünyaya məlumdur. Muğamın UNESCO tərəfindən yüksək qiymətləndirilməsi, eyni zamanda, Azərbaycanın birinci xanımının onun inkişafına böyük töhfəsi bu gün artıq öz bəhrəsini verməkdədir.

A.Əlizadə qeyd etdi ki, 2013-cü ildə keçirilmiş III Beynəlxalq Muğam Festivalından sonra muğam fenomeninin öyrənilməsi, onun mahiyyətinin işıqlandırılması və muğamşünaslıq istiqamətinin yaradılması məqsədilə AMEA Memarlıq və İncəsənət İnstitutunun strukturunda Muğamşünaslıq şöbəsi fəaliyyətə başlamışdır.

Tədbirdə çıxış edən YUNESKO-nun “Ənənəvi Musiqi üzrə Beynəlxalq Şura”sının (ICTM) baş katibi, prof.Dr. Svanibor Pettan, AR Prezidenti Adminstrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və başqaları muğam sənətinin tarixində mühüm bir mərhələ olan simpoziumun muğamın qorunması və inkişaf etdirilməsi, onu müsəlman ölkələrinin mədəniyyətləri arasında əlaqələrin möhkəmləndirilməsinə təsiri baxımından yüksək qiymətləndirdilər, simpoziumun işinə uğurlar arzuladılar.

Simpoziumun açılış mərasiminə həsr edilmiş tədbirə yekun vuran akademik Akif Əlizadə vurğuladı ki, sorağı dünyanın ən müxtəlif guşələrindən gələn bu nəhəng mədəniyyət hadisəsi bizi daim qürurlandırır.

Sonra simpozium öz işini bölmə iclaslarında davam etdirdi.

Simpoziuma martın 14-də yekun vurulacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: