Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir
10.03.2015 00:00
  • A-
  • A
  • A+

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir

Azərbaycan Dövlət mükafatı laureatı, Əməkdar memar, “Şöhrət” ordenli, AMEA Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, Azərbaycan Memarlar İttifaqının üzvü, akademik Şamil Fətullayev-Fiqarov martın 9-da ömrünün 87-ci ilində vəfat edib.

Akademik Şamil Fətullayev-Fiqarov 1928-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Politexnik İnstitutunun Memarlıq-inşaat fakültəsini bitirmiş, 1956-cı ildə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aspirantı olmuşdur. 1963-cü ildə namizədlik, 1980-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1990-cı ildə professor elmi adını almışdır.

Elmi fəaliyyəti dövründə bir sıra mükafatlara layiq görülmüşdür. 1986-cı ildə Azərbaycan SSRİ-nin Şərəf nişanı ordeni, 2000-ci ildə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Həmçinin 2008-ci ildə Polşanın qızıl medalına layiq görülmüşdür.

Azərbaycan memarlığı tarixinin XIX-XX əsr dövrlərinin tədqiqi məhz onun adı ilə bağlıdır. Azərbaycan memarlığı və şəhərsalması tarixi üzrə böyük elmi biliyə malik olan Ş.Fətullayevin yaradıcılığı elmi məktəb olmuşdur. Bu məktəbin bazasında Zivərbəy Əhmədbəyov, Qasımbəy Hacıbababəyov, Kərbəlayi Səfixan Qarabağı, Məşədi Mirzə Qafar İzmaylov və s. kimi tanınmış memarlarımızın həyat və yaradıcılığı gənc alimlərimizin tətqiqat obyektinə çevrilmişdir.

Azərbaycan milli memarlıq tarixinin dünya miqyasında təbliği istiqamətində də Ş.Fətullayevin xüsusi xidmətləri olmuşdur. O, müxtəlif ölkələrdə keçirilmiş beynəlxalq konfranslarda uğurla çıxış edərək Azərbaycan memarlığını layiqincə təbliğ etmişdir.

Alimin rəhbərliyi altında 15 elmlər namizədi, 4 elmlər doktoru yetişdirilmişdir.

150-dən artıq elmi əsərin müəllifidir. Onlardan “XIX-XX əsrin əvvəlləri Bakının şəhərsalma memarlığı”, “XIX-XX əsrin əvvəlləri Azərbaycanın şəhərsalma və memarlığı”, “Azərbaycan məscidləri”, “İran şəhərləri Qacarlar dövründə”, “Bakının Memarlıq ensiklopediyası”, “Abşeron memarlığı”, “Memar-Məşədi Mirzə Qafar İzmaylov” və s. monoqrafiyalar Azərbaycan memarlıq tarixi üçün dəyərli mənbədir.

Tanınmış memar və səmimi insan Şamil Fətullayev-Fiqarovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: