www.science.az
11.03.2015 00:00

Görkəmli alim Şamil Fətullayev son mənzilə yola salındı

Bu gün AMEA-nın Əsas binasının dairəvi zalında görkəmli memarlıq tarixçisi, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, respublikanın əməkdar memarı, akademik Şamil Seyfulla oğlu Fətullayevlə vida mərasimi keçirildi.

Vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak edirdilər.

Alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu.

Cənazənin ətrafına hökumət qurumları və müxtəlif kollektivlər adından da əklillər düzülmüşdü.

Akademik Şamil Fətullayevin həmkarları, dostları, tanışları, tanınmış elm və mədəniyyət xadimləri AMEA-nın Əsas binasına gələrək, görkəmli alimə və gözəl insana son borclarını verirdilər.

Matəm tədbirini AMEA prezidenti, akademik Akif Əlizadə açaraq tanınmış memar, görkəmli alim Şamil Fətullayevin səmərəli elmi fəaliyyətindən, respublikamızda memarlıq tarixinin inkişafındakı xidmətlərindən danışdı. AMEA rəhbəri alimin sənətşünaslıq sahəsində elmi məktəb yaratdığını, ömrünün 60 ilini Azərbaycan memarlığının inkişafına həsr etdiyini vurğuladı.

Ş.Fətullayevin zəngin irsinin gələcək nəsillərə layiqli töhfə olduğunu söyləyən A.Əlizadə bildirdi ki, görkəmli alimin sanballı elmi fəaliyyəti Azərbaycan sənətşünaslıq elminin parlaq səhifələrindən birini təşkil edir. Təvazökar və səmimi insan Ş.Fətullayevin elmi irsi daim yaşayacaq, xalqımıza, elmimizə xidmət edəcək, nəsillərdən-nəsillərə ötürüləcəkdir.

Vida mərasimində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, millət vəkili Gülçöhrə Məmmədova, Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbəy Qasımzadə və Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə çıxış edərək alimin Azərbaycanda memarlıq və sənətşünaslığının inkişafındakı xidmətlərindən, yüksək mənəvi keyfiyyətlərindən söz açdılar, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verdilər.

Mərhumun ailəsi adından çıxış edən Elçin Əliyev alimin xatirəsinə göstərilən hörmət və ehtirama görə dərin minnətdarlığını bildirdi.

Sonra alimin cənazəsi son mənzilə yola salındı. Mərhum II Fəxri Xiyabanda torpağa tapşırıldı.

Şərəfli ömür yaşamış Şamil Fətullayevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.